Aqrar sektorun fərqli sahələri üçün yeni imkanlar yaranır
31 illik həsrətdən sonra əhalinin bir hissəsi işğaldan azad olunmuş Laçın və Kəlbəcər şəhərinə köçüb. Təbii ki, həmin ərazilərə köçən sakinlərin məşğulluğunun təmin olunması və ümumi məişət şəraitinin yaxşılaşdırılması istiqamətində hökümət tərəfindən müəyyən addımlar atılaraq həmin ərazilərin iqtisadi inkişafı stimullaşdırılıb.
Laçın və Kəlbəcərə köçün başlanılmasının ölkə iqtisadiyyatına hansı dvidentləri qazandıracağı ilə bağlı “MediaPost”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov açıqlama verib.
Millət vəkili bildirib ki, Laçın və Kəlbəcər iqtisadi baxımdan Azərbaycanın seçilən rayonlarındandır:
“Nəzərə alsaq ki, işğaldan öncə də hər iki rayon Azərbaycanda, xüsusən də kənd təsərrüfatında, o cümlədən heyvandarlıqda xüsusi paya malik idi. Amma sözsüz, indi yeni qurulan Laçın və Kəlbəcərin iqtisadi əhəmiyyəti daha stratejidir. Çünki bir tərəfdən hər iki rayonumuzda kənd təsərüfatının inkişaf etdirilməsi imkanları var. Bu, xüsusən də heyvandarlıq daxil olmaqla aqrar sektorun fərqli sahələri üçün yeni imkanların yaranması deməkdir. Digər tərəfdən isə həmin rayonlarımızda artıq yalnız aqrar deyil, həm də sənaye sahələrinin inkişafı imkanları var. Çünki hər iki rayonun kifayət qədər böyük təbii ehtiyatları var və təbii ehtiyatların çox olması da imkan verir ki, sənayenin fərqli sahələrini inkişaf etdirmək mümkün olsun”.
Millət vəkili sözügedən rayonların turizim potensialının reallaşdırılması və bu sahədə mövcud olan perspektivlərə toxunaraq “təbii ki, Laçın və Kəlbəcərin turizm imkanları böyükdür. Həm yay, həm qış, həm tarixi, həm sağlamlıq və praktiki olaraq çox fərqli turizm məhsullarının təklif edilməsi mümkündür. Ona görə də ilk növbədə Laçın və Kəlbəcərdə iqtisadiyyatın formalaşması, daha sonra isə formalaşmış iqtisadiyyatın reinteqrasiyası müşahidə olunacaq və hər iki rayon Azərbaycanın iqtisadi inkişafında və bütövlükdə yerləşdiyi bölgənin iqtisadiyyatının inkişafında xüsusi paya malik olacaqlar”, -deyə qeyd edib.
Vüqar Bayramov dövlət büdcəsindən ayrılan vəsaitlərin həmin ərazilərə köç prosesinə təsirlərini də açıqlayıb: “Təbii ki, 2023-cü ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2 milyard 260 milyon manat əlavə vəsait ayrılıb. Bu da nəticə ehtibari ilə imkan verəcək ki, hər iki rayonumuzda məskunlaşma prosesinin daha intensivləşməsi müşahidə olunsun”.
Aynur Qəniyeva