“Aqressiya olan cəmiyyətdə yol hərəkətlərinin təhlükəsizliyi hər zaman təhdid altında olacaq” – Ekspert şərh edir
Son dövrlərdə Azərbaycanda yol qəzalarının sayı günbəgün artır. Hər gün baş verən qəzalarda onlarla insan həyatını itirir. Məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə əlaqədar MediaPost-a öz fikirlərini bölüşüb.
Ekspert qeyd edib ki, nəqliyyat vasitələrinin sayı artsa da, təfəkkürümüz dəyişmir: “Ümumi yanaşsaq günahkar cəmiyyətdir. Cəmiyyətin içərisində sürücü var, piyada var və ən əsası yol hərəkətinin tənzimləməyə məsul olan qurumlar var. Yanaşmalar kökündən dəyişməlidir. Bir səbəb başqa bir səbəbi doğurur. Məsələn, piyada yol hərəkəti qaydalarını pozur, mədəniyyətsizlik edir. Sürücü gəlib onu əzməməlidir. Əgər eyni mədəniyyətsizliyi sürücü də edəndə ölüm hadisəsi olur. Ümumilikdə cəmiyyətin yanaşması dəyişməlidir. Yanaşmalar dəyişməsə, qurulan yeni yolların, quraşdırılan kameraların, radarların hər hansı bir effekti olmayacaq. Nəqliyyat vasitələrinin sayı artsa da, təfəkkürümüz dəyişmir. İnsanlarda aqressiya artıb. Bir nəfərin qəza törətməsi nəticəsində yeddi nəfər ölür. Belə aqressiya olan cəmiyyətdə yol hərəkərinin təhlükəsizliyi hər zaman təhdid altında olacaq”.