“Atam vətəni qorumağa anamın məzarından başlayıb” – Kənanın atası şəhid imiş... - FOTOLAR
17.10.2020 15:42 Şou-biznes Qarabağ Azərbaycandır

“Atam vətəni qorumağa anamın məzarından başlayıb” – Kənanın atası şəhid imiş... - FOTOLAR

Aktyor Kənan Yusifovun atasının şəhid komandir Elxan Bayandur oğlu Yusifov olduğu ortaya çıxıb.

“MediaPost” xəbər verir ki, bu barədə sənətçi özü sosial media hesabında yazıb:

“Bu kişi mənim atamdır. Füzuli və Qarabağ uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olan, Azərbaycan bayrağı ordenli şəhid komandir Elxan Yusifov. İndiyə qədər bəzən paylaşmağa, bölüşməyə bir az çətinlik çəkmişəm. Həmişə fikirləşmişəm ki, bu yanlış anlaşılar ona, onun ruhuna hörmətsizlik eləmiş olaram. Ancaq bu gün uğrunda şəhid olduğu torpağın azad olduğu xəbərini ona çatdırmağa gəldim və qərara gəldim ki, siz də bilməlisiz - mən bax belə bir kişinin övladıyam.

Mənim anamın da məzarı Füzulidə, kəndimiz Cuvarlıdadı. Atam elə vətəni qorumağa da anamın məzarından başlayıb. Anamın məzarı, anama olan sevgisi də atam üçün bir vətən olub. Sizə qəribə gələ bilər, amma içimdə elə bir hiss var ki, elə bil atamın məzarına gəlib sonra heç vaxt görmədiyim anamın məzarına getsəm, onları qovuşdurmuş olacam. Ruhun şad olsun komandir!”.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, şəhid Elxan Yusifov inşaatçı olmasına baxmayaraq, könüllülər dəstəsi yaradaraq doğulduğu Füzulinin müdafiəsinə qalxıb. Üç kəndin erməni quldurlarından boşaldılmasına nail olub. Snayper gülləsi ilə qətlə yetirilib.

Onu da bildirək ki, K.Yusifovun bir qardaşı da var. Sənan Yusifov İngilis dili dərsini tədris edir.

Pərviz Hüseyn

Gündəm