Avropa dəyərləri nədir?
25.11.2019 11:11 Fikirlər

Avropa dəyərləri nədir?

Axı Avropa dəyərləri nədir? Bu dəyərlər bizə lazımdırmı? Bizdə bu dəyərlər varmı? Biz bu dəyərləri olduğu kimi başa düşürükmü? Avropa dəyərlərinin Hollivud filmlərindəki açıq-saçıq səhnələrdən fərqi nədir?

Bu suallar məni çox zaman düşündürür. İnanmıram ki, bu yazıda da məni maraqlandıran məsələyə aydınlıq gətirə biləcəyəm. Amma hər halda başa düşdüyüm qədər izah etməyə çalışacağam.

Fikrimcə, Avropa dəyərələrini başa düşmək üçün ən azı Avropada yaşamaq lazımdır. Avro-romantiklər mənimlə mübahisə edə bilər ki, Azərbaycan Avropadır. Bəli, siyasi cəhətdən biz Avropayıq, çünki Avropanın siyasi institutlarında təmsil edilirik (məs, Avropa Şurası, ATƏT və s.). Lakin unutmayaq ki, biz coğrafi cəhətdən (məktəbdə coğrafiya fənnini yaxşı keçiblərsə, xatırlayın!) biz təbii ki, Asiyayıq.

Mən 10 il bundan qabaq, çox az müddət, cəmi 2 il ərzində Avropada təhsil aldım. Lakin Avropa dəyərləri barədə bəzi fikirlərim o dövrdə formalaşdı.

İlk növbədə hüquqşünas olduğumdan hüquq müstəvisindən başlayardım. Hüquqi müstəvidə Avropa dəyərləri kimi mən çox uzağa getmədən, Avropa Birliyinə üzv olmaq və Avropa ailəsinə qovuşmaq istəyən ölkələr üçün qəbul edilmiş Kopenhagen kriteriyaları hesab edirəm. Yəni sırf mənim düşüncəmə görə, Avropa dəyərləri məhz avropalılar tərəfindən Avropa ailəsinə üzv olmaq istəyənlər üçün namizəd ölkələr tərəfindən riayət edilməsi vacib şərt kimi qoyulan şərtlərdir. Bunlar isə hüquqi sənəddə bələ göstərilir:

- “...siyasi: demokratiyanı, qanunun aliliyini, insan hüquqları və azlıqları müdafiəsini qarantiya edən sistemin stabilliyi...”;

- “...iqtisadi; fəaliyyətdə olan azad bazar iqtisadiyyatının mövcudluğu...”

Qeyd edilən öhdəlikləri üzərinə götürənlər Avropa ailəsinə üzv ola bilərlər. Bu, məsələnin hüquqi tərəfi.

Mənim daha çətin anladığım Avropa mənəvi dəyərlərinə gəldikdə isə hesab edirəm ki, əsas etibarilə bu dəyərlər dürüstlük və yalan danışmamaq prinsipləri üzərində qurulur.

Məişət misallarına müraciət etsəm, fikrimi belə çatdıra bilərəm. Əgər Berlindən Hamburqa gedən avtobusların gediş cədvəlində nəzərdə tutulduğu kimi saat 10:25-də yola düşməlidirsə, buna sadəcə inanmaq lazımdır. Ola bilər ki, avtobus bir az gec yola düşsün, və yaxud da ümumiyyətlə getməsin (mənim praktikamda olmayıb), amma bu gözlənilməz dəyişikliklər barədə bütün sərnişinlərin öncədən doğru-dürüst məlumatı olur.

Başqa misallar;

- Avropada heç kim şəhərin bir başından o biri başında onu gözləyən dostuna zəng vurub “2 dəqiqəyə çatıram” demir.

- Avropada mağazalarda, bazarlarda heç kim balasının canına and içib malların təzə olduğuna istehlakçıları inandırmır.

- Avropada heç kim bilmədiyi şeyi danışmır, əmin olmadığı nəyəsə qarantiya vermir, məsələn, demir ki, “100 faiz hər şey yaxşı olacaq”.

- Avropada heç bir valideyn öz uşağını “xortdanın gələcəyi” ilə qorxutmur.

- Avropalı adətən, dediyi sözün üstündə durur, reallıqdan uzaq vədlər vermir.

- Avropalının əgər hansısa məsələdə şəxsi maraqları varsa, heç vaxt gizlətmir və bunu kimlərəsə təmənnasız kömək və ya vətənpərvərlik kimi sırımır.

Bəlkə də, kimsə bu sadaladıqlarımı heç dəyər hesab etməyə bilər. Təbii ki, daha onlarla bu dəyərləri tərənnüm edən halları sadalamaq da mümkündür. Amma mən sadəcə bunları oxucuların nəzərinə çatdırmaq istədim. Məqsədim heç də sözügedən dəyərlərin müsbət və ya mənfi cəhətləri barədə polemika aparmaq və kiminsə buna layiq olub-olmadığı barədə fikir yürütmək deyil. Yuxarıda sadalananlar ümumi tendensiyadır, harada ki həmişə istisnalar ola bilər. Mənim bu yazımın məqsədi sadəcə, Avropa dəyərlərinin mənim anladığım səviyyədə sizinlə bölüşmək idi.

Ramil İskəndərli, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm