"Avropa İttifaqı bu məsələlərdə maraqlı deyil və mülki missiya adı altında başqa niyyətlər güdür" - SƏRT REAKSİYA
İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa Birliyinin (AB) müşahidə missiyası ilə bağlı saziş imzalayıb. Bu barədə məlumatı Ermənistan mediası yayıb. Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində AB-nin müşahidə missiyasının statusu ilə bağlıdır.
Bəs görəsən, İrəvan və Brüssel arasında imzalanan bu razılaşmanın Azərbaycana hansısa ziyanı ola bilərmi? Ümumiyyətlə, Ermənistanın Rusiya sərhədçilərini AB missiyası ilə əvəzləməsinə Kremlin reaksiyası necə olacaq?
Mövzunu "MediaPost"a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Avropa İttifaqının mülkü missiyasının Ermənistanda yerləşməsi məsələsi keçən ilin oktyabrında Praqada razılaşdırılıb:
"Azərbaycan bu missiyanın öz ərazisində yerləşməsini qəbul etməyib. Amma ehtiyac olacağı təqdirdə onlarla əməkdaşlıq edəcəyini açıqlayıb. Nəzərə almaq lazımdır ki, Ermənistan və Avropa İttifaqı sonradan bu anlaşmanı pozaraq dekabr ayında həmin missiyanın say tərkibini bir neçə dəfə artırıb. Eyni zamanda müddət də iki ilə qədər uzadılıb. Ümumiyyətlə, bu missiyanın statusu və onun yerləşməsi ilə bağlı məsələlər Ermənistan və Avropa İttifaqı arasında olan mövzudur. Doğrudan da onların sülhə töhfə vermək niyyətləri olsa idi, Azərbaycan bunu alqışlayardı. Amma Avropa ittifaqı bu məsələlərdə maraqlı deyil və o, mülkü missiya adı altında başqa niyyətlər güdür. AB bölgədə gərginlik yaratmağa çalışır və həmin missiyanın bir çox qərəzli hesabatları məhz buna hesablanıb. Bu baxımdan onların fəaliyyəti bölgə üçün heç bir müsbət gələcək vəd etmir. Rusiya isə bu məsələləri qəbul etmir. Hətta Rusiya sərhədçiləri bu missiyanın üzvlərini sərhəd zonasından qovub. Bundan sonrakı dönəmdə də vəziyyət gərginləşməyə doğru davam edəcək".