Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür
18.12.2019 14:44 Fikirlər

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

Otuz il əvvəl - 1989-cu ilin dekabrında Rumıniyada antikommunist etirazları başladı. Bu, Avropadakı ən qanlı etirazlar idi. İki həftə ərzində 1200 nəfər həyatını itirdi, ölkə prezidenti Nikolae Çauşesku və xanımı Yelena güllələndi...

SƏRT QƏNAƏT REJİMİ, SOSİAL PARTLAYIŞ...

80-ci illərin əvvəllərində Rumıniyanın onsuz da ağır olan vəziyyəti daha da pisləşməyə başlamışdı. Çauşeskunun qurduğu totalitar rejim insanların həyatını hər gün bir az daha dözülməz edirdi. Əhalinin istehlak etdiyi əsas ərzaq məhsullarına limit tətbiq olunmuşdu. Bir sıra ərzaq məhsullarının dükan-bazarlarda ümumiyyətlə, tapmaq mümkün olmurdu. Onları yalnız "qara bazar"dan, özü də baha qiymətə almaq olurdu.

Ölkədə tətbiq olunan qənaət rejiminin Çauşesku və ailəsinə heç bir aidiyyəti yox idi. Rumıniya prezidenti dəbdəbəli həyat tərzi sürür, saysız-hesabsız mülklərə və saraylara sahib idi.

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

1987-ci ildə ölkənin böyük şəhərlərindən olan Braşovdakı "Qırmızı Bayraq" yük maşını zavodunda işçilərlə rəhbərlik arasında münaqişə yaranır. Münaqişəyə işçilərin maaşlarının kəskin azaldılması səbəb olur. Etirazlara məhəl qoymayan hökümət tətilə qoşulanları vəhşicəsinə dağıdır, 300-ə yaxın nümayişçi həbs olunur.

Rumıniya bundan sonra daha çətin dövrə keçid edir. Xarici borcu ödəmək üçün əksər kənd təsərrüfatı məhsulları başqa ölkələrə göndərilirdi. Ölkədə ərzaq çatışmır, elektrik enerjisi və istilik vaxtında verilirmirdi.

1989-cu ilin 24 noyabrında Rumıniya Kommunist Partiyasının XIV qurultayı keçirilir. Ölkənin ağır sosial-iqtisadi durumuna, əhalinin artan narazılığına baxmayaraq, qurultay 71 yaşlı Nikolae Cauşevskunu növbəti beş il üçün yenidən ölkəyə rəhbər seçir.

İNQİLABA TƏKAN VERƏN KEŞİŞ

Qurultaydan bir neçə həftə sonra - 16 dekabr 1989-cu ildə ölkədə antikommunist inqilabı başlayır. Etirazlar Buxarestdə yox, əhalisi macar, rumın və almanlardan ibarət olan Timişoara şəhərində baş qaldırır. Buna təkan verən isə hakimiyyət nümayəndələrinin yerli din xadimi Laslo Tekeşi qovmaq cəhdləri olur. Milliyyətcə macar olan Laslo kalvinist kilsəsinin keşişi idi. Hakimiyyəti tənqid etdiyinə görə o, bu olaylardan əvvəl də təqiblərə məruz qalmış, hətta bir neçə il dini fəaliyyətinə qadağa qoyulmuşdu.

"Mən insanlara yalnız Allahın sözünü çatdırmırdım. Onlara eyni zamanda cəmiyyətdə yaranmış bədbəxt vəziyyət və zülmlər haqda mütəmadi məlumat verirdim. Hakimiyyət isə bunu yolverilməz hesab edirdi", - deyə Tekeş bildirmişdi.

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

1989-cu ilin yayında Tekeşin silahdaşlarından olan Erno Uyvaruşi qəfildən yoxa çıxır. Bir neçə gün sonra onun cəsədini meşədə - ağaca bağlanmış vəziyyətdə tapırlar. Tekeş əmin idi ki, Ernonu Gizli Xidmətin ("Sekuritate") əməkdaşları öldürüb.

1989-cu ilin dekabrında Tekeşin də dalınca gəlirlər. O, etnik nifrət oyatmaqda ittiham edilir. Keşişin yaşadığı evin kilsəyə məxsus olduğunu əsas gətirərirlər. Sifarişli məhkəmə qərarında Tekeşə evi tərk etmək üçün dekabrın 15-ə qədər vaxt verilir. Elə həmin gün onlarla insan Tekeşin evini mühasirəyə alaraq məhkəmə qərarının icrasına mane olur. Dekabrın 16-da Tekeşin evinin önündə etiraz aksiyası keçirilir. Laslo Tekeşin müdafiəsinə əvvəlcə keşişlər, sonra Timişoaranın macar əhalisi, sonra isə bütün şəhər qalxır. Bu dəfə evin önünə 500-ə yaxın etirazçı toplaşır.

"Tekeşdən əlinizi çəkin!" şüarı çox keçmədən "Azadlıq!", "Çauşesku getsin!" şüarları ilə əvəzlənir. Etirazçıların sayı sürətlə artırdı. Dekabrın 16-dan 17-nə keçən gecə qoşun və "Sekuritate"nin dəstələri mitinqləri dağıtmaq üçün Timişoaraya gətirilir.

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

"CƏSƏDLƏRİ YANDIRIB KANALİZASİYAYA ATIRDILAR"

Tekeşin xidmət etdiyi kilsənin din xadimlərindən biri də Dan Le Havra idi. Şəhərdəki etirazların iştirakçısı Danuts Le Havra o anları belə xatırlayır: "17 dekabr 1989-cu ildə biz etiraz aksiyasına adam yığmaq üçün şəhərin mərkəzindən tələbə kompleksinə qayıdırdıq. Küçələrin birində silahları bizə tuşlanmış ordu vardı. Dayandıq və "Zorakılıq etməyin!" şüarını səsləndirdik. Biz zəncirvari - bir qız, bir oğlan dayanmışdıq. Əsgərlər xəbərdarlıq etmədən bizə doğru atəş açdılar".

Havranın gözü qarşısında nişanlısı Slobodankanı güllələyirlər. Özü isə ayağından iki güllə yarası alır və sonradan ayağı amputasiya olunur. Xəstəxanada öyrənir ki, həmin küçədə öldürülənlərin hamısını yük maşınına yığaraq aparıblar. Ümumilikdə, Timişoaradakı etirazların dağıdılması zamanı yüzdən çox insan güllələnir

Otuz ildir Havra nişanlısının cəsədinin qalıqlarını tapmağa çalışır: "Daha sonra ölənlərin cəsədlərinin Timişoara ətrafındakı Fraydorf kəndinə aparıldığını öyrəndim. Orada cəsədləri oda atıb yandırıblarmış. İnsan ətinin qoxusu gəlməsin deyə, oda rezin də atıblar. Bunu sonralar bir prokurordan öyrənmişdim".

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

Dövlət o qanlı günlərdə itkin düşmüş şəxslərin qalıqlarını axtarmağı çoxdan dayandırıb. Yalnız o məlumdur ki, hakimiyyət 45 nəfərin cəsədini yerli morqdan gizli şəkildə çıxarıb. Cəsədlər Buxarestdəki bir krematoriyada yandırılıb, qalıqları kanalizasiyaya atılıb.

Laslo Tekeş son dönəmlərə qədər Avropa Parlamentinin Rumıniyadan deputatı olub. İndi o, ölkənin ən hörmətli adamlarındandır. Həyatını etnik azlıqların, həmçinin Rumıniya macarlarının hüquqları uğrunda mübarizəyə həsr edib. Eyni zamanda bir sıra totalitar ölkələrdə (Çin, Rusiya və s.) də etnik azlıqların hüquqları və insan haqları uğrunda mücadilə aparır.

İnqilab qurbanları qarşısında məsuliyyət duyduğunu deyən Tekeş həmin vaxt qan tökülməsinin qarşısını ala bilməməsindən təəssüf edir: "İnqilab qurbanları qarşısında məsuliyyətim barədə düşünürdüm. Lakin tarixən bütün inqilablarda qurbanlar olub. Bacardığım qədər insanların etirazlarını dayandırmağa çalışırdım. Onlarla danışır, evlərinə geri dönməyə inandırmağa cəhd edirdim. Başa düşürdüm ki, həyatları təhlükədədir. Lakin kütləni inandıra bilmədim. Həmin an onları heç kim dayandıra bilməzdi".

Heç kim Timişoarada baş verənləri dayandıra və gizlədə bilmədi. 150 min insan şəhərin əsas meydanına gəldi - Timişoaranı kommunizmdən azad şəhər elan etdilər.

ÇAUŞESKUNUN SONU...

Dekabrın 20-də Çauşesku İrana səfərini ləğv edir. Elə həmin gün radio və televiziyada bəyanat verir ki, Timişoarada xuliqan ünsürlərin hərəkətləri xarici casusluq xidmətlərinin dəstəyi ilə təşkil edilib. Ertəsi gün - dekabrın 21-də Rumıniya prezidenti Buxarestdə tərəfdarlarının mitinqini keçirir. İzdihamın qarşısına çıxan Çauşesku etirazçıları Timişoara xuliqanları, onların əməllərini isə rüsvayçılıq adlandırır.

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

Həmin anlarda Çauşesku bəlkə xəyalına belə gətirmirdi ki, bu, onun sonuncu çıxışı olacaq, tərəfdarların aksiyası böyük antikommunist etirazına çevriləcək, daha yüz adam həyatını itirəcək və o, arvadı ilə birlikdə güllələnəcək...

Beləlliklə, kütlə Çauşeskunun çıxışını kəsərək onun sözünü ağzında qoyur. Bundan sonra çaxnaşma başlayır, mitinq hökumət əleyhinə etirazlara və nümayişçilərlə polis arasında qarşıdurmaya çevrilir.

Bir gün sonra - dekabrın 22-də radioda müdafiə naziri Vasile Milyanın intihar etdiyi elan olunur. Lakin elə o andaca başqa bir məlumat da yayılır ki, Milya etirazçıları güllələməkdən imtina etdiyi üçün öldürülüb. Bu xəbər generallar arasında qəzəb dalğasına səbəb olur və ordu etirazçıların tərəfinə keçir.

Yeri gəlmişkən, ordunun Çauşesku rejimindən üz döndərməsinə sosial-iqtisadi səbəblər də öz təsirini göstərmişdi. Hökumət bir çox sahələr kimi hərbiyə də diqqət ayırmırdı. Hökumətin tətbiq etdiyi qənaət rejimi ordunun təchizatına (ərzaq, geyim və s.) da mənfi təsir göstərmişdi. Hərbçilərin maaşı artırılmır, tələbatları ödənilmirdi. Nəticə göz önündə idi: ordu rejimin arxasında yer almaq istəməmiş və xalqın tərəfinə keçmişdi...

Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür

Qoşunlar nümayişçilərlə birlikdə Buxarestdə televiziya mərkəzini tutur və "diktaturanın çökdüyünü" elan edirlər. Çauşesku və həyat yoldaşı ölkəni əvvəl helikopter, sonra avtomobillə tərk etməyə çalışsa da, buna nail ola bilmirlər.

Tırqovişte şəhərindəki hərbi bazada hərbi tribunalın hökmü ilə Nikolae Çauşesku və həyat yoldaşı Yelena güllələnməyə məhkum edilirlər. Prokuror Ciku Popa Çauşeskunu 60 min insanın ölümünə səbəb olan soyqırımda, dövlət hakimiyyətini sarsıtmaqda, şəhərlərdə partlayışlar təşkil etməkdə, xalq təsərrüfatına xələl gətirməkdə və ölkəni tərk etməyə cəhd etməkdə ittiham edir.

Əvvəlcə onların ayrı-ayrı güllələnməsi nəzərdə tutulsa da, cütlük buna qarşı çıxararaq ölümə birlikdə getmək istədiklərini bəyan edirlər. İstəkləri qəbul olunur. Divarın önündə dayanan kimi onlara atəş açılır. Bu, həm Nikolae Çauşeskunun, həm də onun 25 ilə yaxın davam edən hakimiyyətinin sonu olur...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm