Avropanı piyada səyahət edən azərbaycanlı fəal: "Vahiməli, qorxuludur..." - FOTOLAR
17.12.2019 06:54 Gündəm

Avropanı piyada səyahət edən azərbaycanlı fəal: "Vahiməli, qorxuludur..." - FOTOLAR

Avropanın 10 ölkəsinə piyada səfər etməyə planlaşdıran və hazırda yolun başlanğıcında olan azərbaycanlı fəal Ağa Mehdi qarşılaşdığı çətinliklərdən söhbət açıb. O, müxtəlif ölkələrin sərhədini yalnız piyada keçməyi planlaşdırsa da, qarşısına çıxan ciddi əngəllər fikrini bir qədər dəyişməyə məcbur edib. Belə ki, Ağa Mehdi həm də velosipedin köməyi ilə səfərinə davam edir.

Mediapost.az xəbər verir ki, əvvəlcə onun kimi səhayətə başlamağı düşünənlərə "əsla məsləhət deyil" deyə bildirib.

A.Mehdi qeyd edib ki, hər hansı bir ölkəni görmək üçün səfər etmir, ekoloji layihəsi ilə bağlı olaraq Estoniyadan Portuqaliyayadək məsafəni bəzən ayaq, bəzən velosiped ilə getmək istəyir: "Məhz bu üsulla layihədə mövqeyimi bildirirəm və artıq 3-cü ölkə bitmək üzrədir, bilmirəm bundan sonra necə olacaq".

Gənc fəal hazırkı səfərin çətinliklərindən danışaraq riskli vəziyyətlərin olduğunu vurğulayıb: "Hazırda qışdır, ən yaxşı halda 09:00 hava nisbətən işıqlı, 16:00 da isə qaranlıq olur. Bu daha çox məsafəni qət etməyə imkan vermir. İndiyədək gəldiyim ölkələrdə ayı və canavarlar olub, elə yolum boyu da... Sadəcə, hələ ki qarşılaşmadıq. Şəkillərdə gözəl olan meşələr olduqca vahiməli, qorxuludur, xüsusən tək gedirsənsə. Əksər hallarda nə gəzməyə, nə də velosipedə yarayır. Yanımdan hər dəqiqə 100-120 km/saat sürətlə maşınlar keçir. Yerli camaat dedi ki, getdiyim yolda 1 peşakar velosipedçi dünyasını dəyişib, digəri isə xəstəxanalıq olub".

Ağa Mehdi hava şəraitinin əksərən yağış, qar, küləkli olduğunu ən azından həmişə külək əsdiyini bildirib: "Külək olan yerdə sürət zəif, enerji çox gedir, risklər artır. 99.9 faiz evlərdə itlər var, bəzən açıq belə olurlar, oradan keçərkən çox ehtiyatlı olmaq lazımdır".

Bütün səfər xərclərini tam özünün qarşılandığını deyən fəal qənaətə üstünlük verdiyini söyləyib:

"1 manat belə hesabıma kənardan bəxşiş olunmur. Nəticədə hər şey - geyim, yemək, nəqliyyat və s. limitli olur. Sona kimi də öz gücüm nəyə çatarsa, onu edəcəyəm. 1 qəpik belə hər hansı bəxşişə nə gözümü dikdim, nə də ümidliyəm. Etdiyimə zərrə də peşman deyiləm, çox gözəl bilirəm nə edirəm, 1 faiz belə motivasiyadan düşmədim. Mən ancaq bu gün üçün yaşamıram, elə işlər var ki, nəticəsi 100 il sonra daha aydın ortaya çıxır və əminəm ki, bu həmin işlərdəndir".

Xatırladaq ki, Ağa Mehdi 2019-cu ilin 29 noyabrından Estoniyanın paytaxtı Tallindən yola düşərək Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa və İspaniyanı velosipedlə keçmək niyyətindədir. Təxminən 4000 km məsafəni qət etməyi planlaşdıran gənc fəalın məqsədi diqqəti dünyada baş verən ekoloji problemlərə çəkməkdir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm