Avtomobilin icbari sığortasını onlayn necə etmək olar? - İZAH
13.04.2020 12:41 İqtisadiyyat

Avtomobilin icbari sığortasını onlayn necə etmək olar? - İZAH

Avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərar müddəti bitmiş icbari sığorta müqavilələrinə aid edilmir. Belə ki, İcbari Sığorta Bürosunun məlumatına görə, avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə, həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq və müvafiq qaydada cərimə tətbiq olunacaq.

Büro karantin müddətində sürücülərin nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrini onlayn şəkildə almağı məsləhət görür.

Bəs icbari avtomobil sığortası üzrə şəhadətnaməni onlayn şəkildə necə ala bilərik?

"MediaPost" xəbər verir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını 12 sığorta şirkəti həyata keçirir. Yol nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxslərə zərər yetirildikdə sığorta kompensasiyasının verilməsini nəzərədə tutan bu sığorta növündə sığorta haqqı, nəqliyyat vasitəsinin növündən, hüquqi və fiziki şəxsə məxsus olmasından, mühərrik həcmindən, yük götürmə qabiliyyətindən və sərnişin sayından asılı olaraq 50 manatdan 300 manatadək dəyişir. Əvvəlki illərdə sığorta hadisəsi olub-olmamasından (bonus-malus) asılı olaraq sığorta haqqı 50 manatdan daha az və 300 manatdan daha çox da ola bilər.

Hazırda bu sığorta növünü təklif edən sığorta şirkətlərinin bəzilərinə onlayn müraciət etmək və şəhadətnaməni onlayn şəkildə əldə etmək mümkündür. Aşağıdakı linklərə daxil olaraq onlayn şəhadətnamə sifarişini edə biləcəyiniz sığorta şirkətlərinin müvafiq bölməsinə daxil ola bilərsiniz:

Paşa Sığorta

Atəşgah Sığorta

Xalq Sığorta

Günay Sığorta

AtaSığorta

Meqa Sığorta

Qeyd. AzSığorta, Azərbaycan Sənaye Sığorta, Qala Sığorta, İpək Yolu Sığorta, Standard İnsurance, AzərSığorta şirkətlərinin bəzilərinin web saytlarında "onlayn əldə et" bölməsinə daxil olmaq mümkün olmadı, bəzilərində isə bölmə ümumiyyətlə, yoxdur.

İstədiyiniz sığorta şirkətinin linklər vasitəsilə sözügedən bölməsinə daxil olaraq açılan cədvəldə dövlət qeydiyyat nişanı, avtomobil şəhadətnamə nömrəsi, FIN kod, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, o cümlədən digər tələb olunan məlumatları daxil etməlisiniz. Həmçinin ödənişin məbləği də daxil etdiyiniz məlumatlardan asılı olaraq müəyyən olunacaq.

Habelə onlayn ödəmə sistemləri vasitəsilə (insure.az, (insure.az bütün sığorta şirkətlərinin onlayn sığorta platformasıdır və burada 12 sığorta şirkətinin də icbari avto sığorta üzrə məhsulu yer alıb) hesab.az, e-pul.az və s.) avto sığortanın onlayn əldə edilməsi bölmələrinə daxil olaraq istədiyiniz sığorta şirkətini seçə və məlumatları daxil etməklə müqaviləni yarada bilərsiniz.

Cədvəldə qeyd etdiyiniz mobil nömrənizə müqavilənizin kodu göndəriləcək ki, həmin kod həm də ödəniş kodu kimi qəbul olunur. Daha sonra Hökumət Ödəniş Portalına (İcbari Sığorta Bürosu - sığorta ödənişləri, link əlavə olunub) daxil olaraq "Sənəd nömrəsi" seçimində sizə göndərilən kodu daxil edərək onlayn ödəmənizi həyata keçirə bilərsiniz. Əgər sistem kod vasitəsilə müqavilənizi tapmazsa, o zaman "Şəxsiyyət vəsiqəsi nömrəsi" seçimini edərək şəxsiyyət vəsiqənizin nömrəsini daxil etmək mümkündür. Bu zaman müqaviləniz sistemdə görünəcək və ödəniş üçün müvafiq bölmələri seçməklə prosesi tamamlaya bilərsiniz. Ödənişin qəbul olunması ilə bağlı SMS məlumat 9707 vasitəsilə həmin gün ərzində mobil nömrənizə göndəriləcək. Ödənişin qəbul olunması, artıq müqavilənizin aktiv olduğunu göstərir və sığorta şəhadətnaməsini onlayn əldə etmiş olursunuz.

Qeyd edək ki, mobil telefonunuzdan 9707 nömrəsinə avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını yazıb SMS göndərməklə müqavilənizin aktiv olub-olmadığını yoxlaya bilərsiniz.

Xəbərlər departamenti

Gündəm