Avtomobilini "poker"də uduzan, 56 filmə çəkilən, aparıcılıq edən prezident
25.12.2019 09:03 Fikirlər

Avtomobilini "poker"də uduzan, 56 filmə çəkilən, aparıcılıq edən prezident

Qəribədə də olsa, Birləşmiş Ştatların 40-cı prezidenti Ronald Reyqanı bir vaxtlar hamı belə tanıyırdı. "MediaPost" xəbər verir ki, o, qolf oynamağı, gözəl geyinməyi, bir sözlə, dəbdəbəni sevirdi. Xanımı ilə birgə inauqurasiya üçün seçdikləri geyimləri və Ağ Evdə apardıqları təmir işlərini amerikalılar hələ uzun illər xatırlayacaqlar...

Oval kabinetdə oturmadan əvvəl Reyqan müxtəlif peşələri sınamışdı. Radio aparıcısı, toylarda və məclislərdə tamada. Bundan sonra "Warner Brothers"ə üz tutmuş və 56 filmdə rol almışdı. Tənqidçilər Reyqanı aktyor kimi belə təsvir edirdilər: "O, cazibədar görünüşü olan, lakin xüsusi intellekti ilə fərqlənməyən səmimi bir oğlan təsiri bağışlayırdı".

Avtomobilini poker

"HOLLİVUD"DAN BÖYÜK SİYASƏTƏ

"Hollivud" ulduzu özünü böyük siyasətdə də sınamağa qərar verir. Əvvəlcə qubernator kürsüsünü tutur, sonra Ağ Evə yolunu açır.

Hansı işlə məşğul olmasından asılı olmayaraq, bir şey Reyqan üçün dəyişməz qalırdı - o, lüks həyatı və dəbdəbəni sevirdi. Hətta kino karyerasının əvvəlində birinci həyat yoldaşı, aktrisa Ceyn Uaymanla birlikdə Los-Anceles yaxınlığındakı dəbdəbəli bir malikanəyə köçmüşdü. Bu, spiral pilləkənləri, bir neçə terrası, beş yataq və altı vanna otağı olan, klassik üslubda mebellə təchiz edilən geniş bir mülk idi.

"Oskar" mükafatı alandan qısa müddət sonra Reyqan birinci həyat yoldaşı Ceynlə boşandı. Ceyn Reyqanın siyasətə olan marağını bölüşmürdü. Lakin Reyqanın ikinci xanımı Nensi onun siyasi fəaliyyətinə tam dəstək verirdi. Cütlük ilk vaxtlar ev ala bilmədikləri üçün Nensinin mənzilində məskunlaşmışdı. Reyqanın əvvəlki mənzilini isə qarderob otağı kimi istifadə edirdilər.

Reyqanın paltarları o qədər çox idi ki, Nensinin evinə yerləşmirdi. Yoldaşları xatırlayır ki, buna görə cütlük qəbullara daim gecikirdi. Əvvəlcə Nensi geyinəcəkləri paltarları seçir, əri isə o vaxt qəzet oxuyurdu. Sonra həmin mənzilə gedir, bu dəfə də Nensi qəzet oxuyur, Reyqan geyinirdi.

Bütün bu çətinliklər uzun sürmədi. Reyqan aldığı böyük qonorarlarla 1956-cı ildə şəhərin bahalı bölgəsində Sakit Okean mənzərəli müasir ev inşa etdirdi.


Həmçinin oxu: Dronlar: "Kuryer", rejissor, yoxsa xilasedici...


Cütlüyün pulu artdıqca Nensi bir o qədər ambisiyalı olurdu. Əri Kaliforniyanın qubernatoru olduqda Nensi başa düşdü ki, parıltılı və lüks həyat istəyir. Sakramentodakı rəsmi iqamətgahın çox sadə olduğunu düşünən Nensi ora köçməkdən qəti şəkildə imtina etmişdi. Sonra cütlüyün varlı dostları Reyqanlar üçün bahalı bir villa icarəyə götürmüşdülər. Gözəl mebellərlə təchiz olunmuş on iki otaqlı ikimərtəbəli malikanə görənləri heyran qoyurdu.

Nensi yenə tam razı deyildi. Sacramento ona əyalət şəhəri kimi görünürdü. Nensini daha çox Beverly-Hills və Los-Anceles cəlb edirdi. Hər həftə sonu alış-veriş etmək və gözəllik salonuna baş çəkmək üçün ora gedirdi. "Sakramentoda hər şey yerli fermerlərin arvadları üçündür", - demişdi Nensi.

Reyqan prezident postunu tutandan sonra Nensinin ambisiyaları daha da böyümüşdü.

Avtomobilini poker

BAHALI İNAUQURASİYA: GİRİŞ 10 MİN DOLLAR

Ronald Reyqan ABŞ-ın prezidenti vəzifəsinə ilk dəfə 1980-ci ildə 69 yaşındaykən seçilmişdi. 1984-cü ildə Reyqan seçkilərdə inamlı qələbə qazanaraq, prezident kürsüsündə ikinci müddətə qalmışdı.

Amerikalılar onun ilk andiçmə mərasimini uzun illər unutmadılar. Mərasimə giriş təxminən 10 min dollar idi. Buna baxmayaraq, xeyli adam gəlmişdi. Aktyorlarından biri zarafatla Ağ Evin yeni sahibinə demişdi: "Əgər filmləriniz də bu qədər insanı cəlb etsəydi, heç siyasətə gəlməzdiniz".

Bir çox özəl şirkət mərasimin təşkilatçılarını təmənnasız olaraq gərəkli hər şeylə təmin etmişdi: məkanı bəzəmək üçün təzə güllər, 14 min şüşə elit şampan... Hər şey yüksək səviyyədə idi.

Dəblə geyinmiş, xəz mantolu, üzərində bahalı zinət əşyaları olan qadınlar xüsusi diqqət çəkirdi. Nensi Reyqanın Moda Evindən hədiyyə alması, mərasimdə dəbdəbəli paltar geyinməsi, həmçinin zərgərlik mağazalarından birinə məxsus bahalı bəzək əşyası taxması (bununla da mağazanı reklam etməsi) uzun müddət tənqid olunmuşdu.

Prezidentin inauqurasiyada geyindiyi köynəyin qiyməti 1250 dollar idi. Köynək Beverly-Hillsdəki tanış dərzi tərəfindən tikilmişdi. Nensinin rəfiqələrindən biri Vaşinqtondakı mərasimə 21 xəz kürkdən ibarət kolleksiya gətirmişdi.

Avtomobilini poker

800 MİN DOLLARLIQ DOST PAYI

Dostları Reyqan ailəsinə 220 boşqabı olan bahalı dəst və Ağ Evdəki otaqların bərpası üçün 800 min dollardan çox pul vermişdilər.

Dövlət yeni seçilən hər prezidentə 50 min dollar ayırırdı. Bu məbləğ Nensiyə yalnız bir otağı təmir etmək üçün kifayət etmişdi. Otaq üçün əntiq əşyaların və sənət əsərlərinin alınmasına isə əlavə vəsait xərclənmişdi.

Ən qısa müddətdə hər şeyi öz zövqlərinə uyğun quran cütlük Karter ailəsini Ağ Evdən başqa bir malikanəyə köçməyə çağırmışdı.

Təmir bitən kimi Nensi Jaklin Kennedinin köməkçilərindən birini - Letisiya Blodrici işə götürmüşdü. Deyilənlərə görə, birinci xanım Con Kennedinin həyat yoldaşının uğurlarını təkrarlamağa və Amerika modasının siması olmağa çalışdı. Lakin o buna müvəffəq olmamışdı. Prezident Reyqanın həyat yoldaşının lüksə bağlılığı və bahalı geyimlərə meyli amerikalıların xoşuna gəlmirdi.


Həmçinin oxu: Avropada kommunizmin çöküşü: qanlı olaylardan 30 il ötür


Ronald özü də həyat yoldaşından geri qalmırdı. Bahalı paltarları və lüks avtomobilləri sevirdi. Söhbət gəzirdi ki, Reyqan özünün Dual-Ghia Convertible kabrioletini "poker" oyununda keçmiş prezident Lindon Consona uduzubmuş.

Reyqan Linkolndan "Cadillac"a oturan ilk Amerika lideri oldu. 1983-cü ildə şəxsən onun üçün adi versiyadan fərqli olan (daha uzun və daha hündür) "Cadillac Fleetwood" istehsal olundu. Prezidentin yeni avtomobili əvvəlkilərdən daha ağır, təkərləri daha böyük, mühərriki daha güclü idi. Eyni zamanda təkmilləşdirilmiş əyləc sistemi vardı.

Avtomobilə altı santimetr qalınlığında zirehli şüşə quraşdırılmışdı. Təhlükəsizlik tədbirləri təsadüfi deyildi: vəzifəyə gəldikdən bir neçə ay sonra prezidentə sui-qəsdə cəhd olunmuşdu.

Avtomobilini poker

CODİ FOSTERƏ PƏRƏSTİŞ VƏ GÜLLƏ YARASI...

Sui-qəsd cəhdi 1981-ci ilin 30 martında Vaşinqtonda baş vermişdi. “Vaşinqton” mehmanxanasındakı çıxışından sonra binanı tərk edən Reyqan Con Hinklin adlı gəncin silahlı hücumuna məruz qalmışdı. Hinklin düz 6 dəfə atəş açmışdı. Birinci güllə Ağ Evin mətbuat katibi Ceyms Breydinin başına tuş gəlmişdi. İkinci güllə Vaşinqtonun polis zabiti Tomas Delaxandinin kürəyinə, üçüncü güllə yolun o biri tərəfindəki binaya dəymişdi. Dördüncüsü məxfi xidmətin xəfiyyəsi Timati Makkartiyə, beşincisi isə prezdentin avtomobilinə dəymişdi. Sonuncu - altıncı güllə Reyqanın sinəsindən tutmuş, lakin prezident bir müddət sonra sağalmışdı.

Ceyms Breydi aldığı təsadüfi güllə yarasına görə ömürlük əlil qalmışdı. Hinkli isə 35 il psixiatrik xəstəxanada yatmışdı.

Sonradan məlum olmuşdu ki, 25 yaşlı Con Hinkli bu hərəkəti ilə sadəcə, diqqəti özünə cəlb etmək istəyibmiş. O ümid edib ki, "Hollivud"un məşhur və gənc aktrisalarından biri Codi Fosteri heyran edəcək.

1981-ci il martın 30-da Ronald Reyqan cəmi 70 günün prezidenti idi. Amerikanın bütün tarixi ərzində ən bahalı seçki kampaniyasından sonra Ronald Reyqan 1981-ci ilin yanvarında Ağ Evə daxil olmuşdu.

Sadə amerikalıların Reyqan və onun hakimiyyəti haqda fikirləri o qədər də ürəkaçan deyildi. "Qərbdən gələn varlılar Vaşinqtonda hakimiyyəti ələ aldılar", - Reyqan ailəsi və onların dostları haqqında deyirdilər. Cütlüyün lüks və dəbdəbəli həyat yaşaması insanların gözündən qaçmırdı.

Reyqanın iştah problemi olanda birinci xanım Kaliforniyadakı keçmiş aşpazına prezident üçün şorba sifariş edirdi. Şorba xüsusi termoslarda Vaşinqtona çatdırılırdı.

Reyqanın yetmiş illik yubileyində Nensi ona sürpriz hazırlamışdı. Ağ Evdə yüz adamlıq (ən yaxın dostlar üçün) ziyafət təşkil olunmuşdu.

"Zal çiçəklər içində batırdı, ləziz yeməklər verilirdi, orkestr köhnə romantik melodiyalar ifa edirdi", deyə qonaqlardan biri ziyafəti təsvir etmişdi.

Avtomobilini poker

ŞAHZADƏ TOYUNDA KRALLARA LAYİQ MÜŞAYİƏT...

1981-ci ilin iyulunda Nensi Reyqan şahzadə Çarlz və xanımı Diananın toyu üçün Londona getdi. Amerika prezidentinin xanımını səfər müddətində on mühafizəçi, tibb bacıları, fotoqraflar, stilist və saç ustaları, onlarla jurnalist, köməkçiləri və dostları müşayiət edirdi.

Birinci xanımın lüks ilə dəbdəbəyə bu dərəcə meylli olması prezidentin adına və fəaliyyətinə kölgə salırdı. Mətbuat bir il ərzində ümumi dəyəri 30 min dollardan çox hədiyyə alan Reyqan ailəsini sərt tənqid edirdi.

Nensi aparıcı moda evlərinin ona hədiyyə etdiyi özəl geyimləri xüsusi zövqlə nümayiş etdirirdi. Hər bir paltarın dəyəri bir neçə min dollar idi. Zərgərlik mağazaları isə ona ən bahalı zərgərlik nümunələrini icarəyə verirdilər.

Cütlük Birləşmiş Ştatlarda lüks rəmzi hesab olunurdu. Varlı ailələr Reyqanın həyat yoldaşının təqdim etdiyi dəbi yaxından izləyirdilər. Dizayner paltarları geyinir, brilyantlar içində parıldayır, dəbdəbəli evlərdə yaşayır, bahalı avtomobillərdə gəzir və şəxsi təyyarələrdə uçurdular. Bir sözlə, sərvətlərini nümayiş etdirməkdən qətiyyən çəkinmirdilər.

Reyqan 2004-cü il iyunun 5-də 93 yaşında dünyasını dəyişdi. Ölümündən on il əvvəl ona altzeymer xəstəliyi diaqnozu qoyulmuşdu. Reyqan keçmiş Amerika prezidentləri arasında ən uzunömürlüsü idi. Ona qədərki ABŞ prezidentləri arasında bu qədər uzun yaşayanı olmamışdı. Reyqan həm də ABŞ-ın ilk aktyor prezidenti, eyni zamanda bu ali kürsünü tutan ən qoca lideri idi.

Amerikalılar keçmiş sovet imperiyası üzərində “soyuq müharibə”də qələbəni məhz onun adı ilə bağlayırlar...

Tərcümə "MediaPost"-a məxsusdur

Xəbərlər departamenti

Gündəm