Avtovağzalların fəaliyyətinin bərpası ilə bağlı nazirlikdən – AÇIQLAMA
30.07.2020 11:37 Gündəm Cəmiyyət

Avtovağzalların fəaliyyətinin bərpası ilə bağlı nazirlikdən – AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 2020-ci il 24 mart - 24 iyul tarixləri üçün “Pandemiya dövründə avtomobil nəqliyyatı ilə daşımaların vəziyyəti və göstərilən xidmətlər”-in monitorinq nəticələri bəlli olub.

Nazirlikdən “MediaPost”a verilən məlumata görə, aprel ayından etibarən hazırkı tarixədək 86659 monitorinq keçirilib və 10268 nöqsan aşkar olunub:

“Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 11.8% təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb. Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini (monitorinq sayı 18106, nöqsan sayı 956), dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi (monitorinq sayı 10581, nöqsan sayı 1045), vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi (fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada monitorinq sayı 95, nöqsan sayı 6), avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması (monitorinq sayı 11868, nöqsan sayı 1015), taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini (monitorinq sayı 12844, nöqsan sayı 3257), taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması (monitorinq sayı 12790, nöqsan sayı 1790) və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi (monitorinq sayı 20375, nöqsan sayı 2199) ilə bağlı məsələləri əhatə edib”.

Məlumatda qeyd edilib ki, pandemiya dövründə qadağan edilmiş sərnişin daşımalarının və fəaliyyətinə məhdudiyyət tətbiq olunmuş avtovağzalların və avtostansiyaların işinin bərpası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul ediləcək qərarlara müvafiq olaraq DANX tərəfindən mərhələli şəkildə təmin ediləcək.

Billurə Yunus / MediaPost

Xəbərlər şöbəsi

Gündəm