"Ay"dan gələn pul və şöhrət: Milyarderlərin savaşı
17.01.2020 07:57 Fikirlər

"Ay"dan gələn pul və şöhrət: Milyarderlərin savaşı

Deyilənlərə görə, yaxın gələcəkdə Ay insanlar üçün ciddi qazanc mənbəyinə və ilk kosmik stansiyaya çevriləcək. Bununla yanaşı, müxtəlif tədqiqatlar üçün də yeni ünvan olacaq. Yəqin elə buna görədir ki, elm adamlarından tutmuş, milyarderlərə və böyük ölkələrə qədər bir çoxları gözlərini Aya "dikiblər". O başqa mövzudur ki, iddiaçılardan hər birinin bu məsələdə öz marağı var. Kimisi kosmik tədqiqatlar üçün çırpınır, kimisi bunu "güclülərin yarışı" zənn edir, kimisi də şöhrət və ya qazanc axtarışına çıxır. Görək, Yerin təbii peyki ilə bağlı kimlərin hansı planları var və bəşər övladı Aya niyə bu qədər can atır?

İLK KOSMİK TURİST

"MediaPost" xəbər verir ki, əvvəllər Ayın səthinə enib, "ilklərə" imza atmaq uğrunda sadəcə ölkələr yarışırdı. Bu, onlar üçün həm kosmik tədqiqat baxımından əhəmiyyətliydi, həm də imic məsələsi idi. İndi mövzu o qədər populyarlıq qazanıb ki, ayrı-ayrı şirkətlər və şəxslər də hərəkətə keçiblər. Artıq insanların ilk kosmik turist olmaq kimi arzuları yaranıb. Məsələn, milyarder Yusaku Maedzava kimi. Hər şey planlaşdırıldığı kimi gedərsə, yaponiyalı iş adamı tarixdəki ilk kosmik turist olacaq.

2019-cu ilin əvvəlində Elon Mask elan etdi ki, rəhbəri olduğu "SpaceX" şirkəti 2023-cü ildə Ay ətrafında kommersiya uçuşu həyata keçirəcək. Plana əsasən, içərisində turist olan raket Aydan təxminən 200 km. məsafədə uçacaq. Gəzinti təxminən bir həftə davam edəcək.

Ay

İlk kosmik turist isə yuxarıda qeyd etdiyimiz kimi, yapon milyarder Yusaku Maedzava olacaq. 42 yaşlı iş adamı ölkəsindəki ən böyük onlayn geyim mağazası olan "Zozotown"un qurucusudur. "Forbes" onun sərvətini 2,9 milyard dollar səviyyəsində qiymətləndirir.

İndi Maedzava Yerin peyki ətrafında onunla birgə gəzintiyə hazır olan yol yoldaşı (xanım) axtarır. Yapon sahibkar seçimini üç ay ərzində həyata keçirəcək. Namizədlər üçün tələblər belədir - yaşı 20-dən yuxarı, özü subay və hər zaman nikbin olmalıdır. Maedzavaya yoldaş tapmaq üçün xüsusi bir şou da təşkil ediləcək.

İş adamının Ay ətrafında səyahət üçün İlon Maskın şirkətinə nə qədər vəsait ödədiyi açıqlanmır. "SpaceX"in sahibi yalnız onu bildirib ki, bu, olduqca böyük məbləğdir. Üstəlik, yapon milyarderin Aya çatıb-çatmayacağı da dəqiq deyil. Missiya ağır BFR raketdaşıyıcı vasitəyə güvənir ki, o da hələ istehsal mərhələsindədir.

"Onun uçuşa hazır olacağına 100 faiz əminlik yoxdur", - deyə Mask etiraf edib.

BEZOS AYA YÜK DAŞIYACAQ

Kosmosa turist səfərləri təşkil etməyi hədəfləyənlərdən biri də "Amazon" şirkətinin qurucusu, məşhur milyarder Ceff Bezosdur. Bezos ötən ilin sonlarında Vaşinqtonda keçirilən 70-ci Beynəlxalq Astronavtika Konqresində bildirmişdi ki, bu səfərləri təsisçisi olduğu “Blue Origin” özəl aerokosmik müəssisəsi həyata keçirəcək. Və hazırda “Blue origin” bu məqsədlə Florida ştatında “New Shepard” kosmik gəmisinin sınaqlarını keçirir.

Ay

Yerin təbii peykinin səthinə enmə əməliyyatında Bezosun şirkətinin “Blue Moon” adlı yeni kosmik aparatından istifadə ediləcək. "Blue Moon" 2024-cü ilə qədər yükləri və bəlkə də insanları Ayın cənub qütbünə çatdıracaq.

Aparat Ayın səthinə ekipaj da daxil olmaqla 3.6-6.6 tona qədər yük aparacaq. Yanacaq olaraq hidrogen və oksigen istifadə ediləcək.

Bu missiyanın həyata keçirilməsi üçün Bezosa Birləşmiş Ştatların bir neçə (“Draper”, “Lockheed Martin” və “Northrop Grumman”) şirkəti də dəstək verəcək. Amerikalı milyarderin sözlərinə görə, hazırlıq işlərinin 2024-dək tam başa çatması həm də bu şirkətlərin öz işlərini yüksək səviyyədə görməsindən asılıdır.

Ay

ABŞ BÜDCƏNİ "QAYÇILAYIB"

İndi gələk ölkələrə. Macəra, məşhurluq və qazanc axtaranlardan fərqli olaraq ölkələr bu işə daha fərqli prizmadan yanaşır. Bu sahədə tədqiqat aparan mərkəzlər qurur, dövlət büdcəsindən vəsait ayırırlar.

Dünyanın super dövləti olan Birləşmiş Ştatlar hələlik bu sahədə qoyulan hədəflərinə çatmayıb. Səbəbi də maliyyədir. 2019-cu ilin sonunda ABŞ Nümayəndələr Palatası NASA-nın Ay missiyasına ayrılan federal xərclərin 600 milyon dollar təşkil edəcəyinə dair sənəd imzaladı. Halbuki ABŞ Aerokosmik Administrasiyasından bu məqsədlə 1,4 milyard dollar istənilmişdi

Mütəxəssislərin fikrincə, vəsait azlığına görə Amerika alimləri kosmonavtları Aya əvvəlcədən planlaşdırdıqları müddətə - 2024-cü ilə qədər göndərə bilməyəcəklər.

"Missiya ölməyib, amma kritik vəziyyətdədir. Eniş modulu olmadan Aya çatmaq mümkün deyil", - deyə Corc Vaşinqton Universitetinin kosmik siyasət üzrə eksperti Con Loqsdon bildirib.

NASA kosmonavtları 1960-cı illərin sonu - 1970-ci illərin əvvəllərində Aya uçarkən ABŞ-ın Aerokosmik Administrasiyasının illik büdcəsi ölkənin ümumi büdcəsinin 4 faizindən çox idi. İndi isə bu rəqəm cəmi 0,5 faizdir.

ÇİN İLKƏ İMZA ATIB

Ay

2019-cu ildə Çin bəşər tarixində ilk dəfə olaraq "Chang-4" heyətsiz kosmik aparatı ilə Ayın qaranlıq tərəfinə endi. Və Ay səthində 15 kilometrlik məsafə qət etdi. Aparat həmin yerdən ilk fotolar da çəkib göndərdi. "Chang-4"ün uğurlu enişi kosmik araşdırmalarda dönüş nöqtəsi idi.

Çin təkcə Ayın qaranlıq tərəfinə enən ilk ölkə deyil. Həmçinin bir ildir ki, Yer səthindən görünməyən əraziləri araşdırmaqla məşğuldur. Tədqiqatçılar ayın arxa səthi, onun üst və dərin təbəqələrinin quruluşu haqda məlumat toplayırlar. Bu da Yerin təbii peykinin necə inkişaf etdiyini və hazırda orada nə baş verdiyini öyrənmək baxımından vacibdir.

"TÖVRAT"LA UÇUŞ

22 fevral 2019-cu ildə İsrail Aya "Bereşit" adlı kosmik gəmi göndərdi. Bu, şəxsi pullar hesabına Aya göndərilən ilk kosmik aparat idi. Aparatın hazırlanmasına və Aya göndərilməsinə 100 milyon dollar sərf olunmuşdu. Layihə İsrail aerokosmik sənayesinin mütəxəssislərinin dəstəyi ilə qeyri-kommersiya startapı "SpaceIL" tərəfindən hazırlanmışdı.

"Bereşit" Aya bir neçə həftəyə uçdu. Bir qayda olaraq, bu proses daha az vaxt tələb edir. Lakin kosmik gəmi Ay ətrafında dövr edə bilmədi və əsas mühərrikindəki problemlərə görə Aya sərt eniş etdi. Ay səthindən 150 metr yüksəklikdə aparatla əlaqə kəsilmişdi.

Ay

Aparatın ölçüsü bir paltaryuyan maşından bir qədər böyük idi - diametri 1,5 m. Onun içərisində "Tövrat"ın bir nüsxəsi vardı.

İsrail Baş naziri Benyamin Netanyahu bir neçə il sonra ölkəsinin cihazı Aya yenidən göndərməyə çalışacağına söz verdi: "İlk dəfə alınmadısa, yenidən cəhd edin", - deyə qəzanı idarəetmə mərkəzindən canlı izləyən Baş nazir bildirmişdi.

HİNDİSTAN MİLYONLAR İTİRİB

2019-cu ilin iyul ayında Hindistan ayın səthinə uğurlu eniş edən və peykin cənub qütbünə çıxan ölkələr sırasına düşməyə hazırlaşırdı. Kosmik gəmi uğurla Aya düşsəydi, Hindistan keçmiş Sovet İttifaqı, ABŞ və Çindən sonra peykə enmiş dördüncü ölkə olacaqdı.

Lakin Kosmik Tədqiqatlar Təşkilatına məxsus "Chandrayan-2" missiyasının "Vikram" eniş modulu 2019-cu ilin sentyabrında eniş zamanı qəzaya uğradı. 2,1 kilometr yüksəklikdə modulla əlaqə itdi. Hindistan istehsalı olan "Chandrayan-2" layihəsinin dəyəri təxminən 125 milyon dollar idi.

Yeni bir başlanğıc və eniş modulunun və yerüstü nəqliyyat vasitəsinin inşası üçün isə 35 milyon dollar tələb olunur.

Bununla belə, Hindistan 2020-ci ildə Aya növbəti dəfə pilotsuz uçuş gerçəkləşdirməyə cəhd edəcək. Hökumət bu uçuşun 2020-ci ilin noyabr ayında baş tutmasını istəyir.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm