Az hərəkət edib çox yatmağı sevənlər
09.01.2020 12:54 Fikirlər

Az hərəkət edib çox yatmağı sevənlər

Xroniki yorğunluq müasir dövrün bəlasıdır. Zamanın sürəti artdıqca, insan daha da çox işləməyə məhkumdur. Meqapolisdə iş bir dəqiqə belə dayanmır. Gecələr belə, həyat qaynayır, bir çox qurumlar fəaliyyət göstərir. Gecə yatmayanların sayı artıq gündüz çalışanlarla bərabərləşib.

Ləng və tənbəl işçi istənilən şirkətin rəhbərliyi üçün arzuedilməzdir

Şəhər böyük bir qarışqa koloniyasını xatırladır. Heç kim əməlli-başlı dincəlməyə imkan tapmır. Dindirsən, çoxu gərginlikdən, yuxusuzluqdan şikayətlənəcək. İnformasiya texnologiyaları dövründə ləng və tənbəl işçi istənilən şirkətin rəhbərliyi üçün arzuedilməzdir. Sürətli düşünən və qərar qəbul edən, texnoloji yeniliklərə açıq, bir neçə xarici dil bilən, indiki dillə desək kreativ insanlara hər yerdə iş tapılır.

Bu tip əməkdaşlar Bakının ofis məkanının demək olar 80 faizini “zəbt” edib. İşə vaxtında gələn, verilən tapşırığa məsuliyyətli yanaşan, müştəri ilə dil tapmağı bacaranlar tezliklə uğurlu karyera qura bilirlər.

Bunun əksi olanlar da var. Ləng, işə daim gecikən, bir növ yatmağı sevən tənbəllər. Heç bir rəhbər öz komandasında beləsini görmək istəməz. Müasir ofis menecerləri və rəhbər işçilər telefonla yatıb, telefonla dururlar. Gecə də mesaj yollasan, cavab gələcək. Rəsmi iş vaxtının bitməsinin heç bir əhəmiyyəti yoxdur, onların müəyyən məqsəd və hədəfləri var. Onlara çatmalı, sonra isə digər zirvələri zəbt etməlidirlər.

Geyts adi iş günləri 12, istirahət günləri isə 8 saat işləməyə adət edib

Tanınmış insanlardan nümunə kimi Microsoft şirkətinin rəhbəri Bil Geytsi göstərmək olar. Dünyanın ən möhtəşəm və uğurlu texnoloji kompaniyalarından birini yaratmaq üçün Geyts adi iş günləri 12, istirahət günləri isə 8 saat işləməyə adət edib. Heç bir zaman rəqiblərinə aman vermədən dünya kompüter təminatı bazarının təxminən 80 faizinə nəzarət edən Bil Geytsin şirkəti daim reytinqlərdə yüksək yerlərdə qərarlaşır.

Microsoft-da iş qrafikinin nə olduğunu bilən yoxdur. Geyts hər halda ən yaxşı proqramçıları şirkətinə cəlb etməklə dünyanın ən uğurlu biznesini qura bilib. Bu adam istirahətin nə olduğunu bilmir. Hazırda onun ətrafında çalışan bir çox proqramçı milyonçu və ya multimilyonçudur, amma eyni qaydada Geyts kimi hər gün işə gəlib gününü orada keçirməklə məşğuldur. Geytsin komandası onun iş üslubunu qəbul edib bu tərzdə yaşamaqda davam edir. Geyts müəyyən mənada işlərdən kənara çəkilsə də, şirkət onun həyatının ən vacib hissəsi kim qalmaqda davam edir.

Amma heç də hamı bu tərzdə çalışa bilmir. Geytsin ilk şəriki və şirkətin yaradıcılarından biri Pol Allen bu ritmə çox davam gətirmədi. Hələ 1983-cü ildə işdən aralandı. Sağlamlığı daha yaxşı işləməyə imkan vermirdi. Şirkətin aksiyaların bir hissəsini özündə saxladığından sonralar bir sıra başqa sahələrdə yeni layihələr reallaşdırdı. Böyük sərvət yiyəsi olsa da, sağlamlığı ona normal yaşamağa imkan vermədi, 2018-ci ildə həyatdan getdi. Yəni heç də hamı Geyts kimi belə iş qrafikinə davam gətirməz. Elə Apple şirkətinin yaradıcısı Stiv Cobs da cəmi 56 il yaşadı.

Düşünən insan tələsməyən insandır

Bəzi alimlərin qənaətinə görə, tənbəl olmaq heç də pis xüsusiyyət deyil. Bütün məşhur ixtiraların kökündə insan tənbəlliyi durur. Yəni televizorda kanalı əllə dəyişmək kiminsə zəhləsini tökməsəydi, idarəetmə pultunu kəşf etmək zərurəti yaranmazdı. Nə qədər qəribə olsa da, analitik düşüncə tərzinə malik olan insanların çoxu tənbəl və ləngliyə meyilli olurlar. Yüksək həyat ritmi insanı bir an belə dayanıb nəsə düşünməkdən uzaqlaşdırır. Belə tərzdə yaşayanda nə öz səhvini görə, nə də yenilik ortaya qoya bilərsən.

Tənbəllər isə sakit bir tərzdə onlarla ideya sahib insanlardır, sadəcə, yaşadıqları həyat ritmi onlara bu ideyaları reallaşdırmağa imkan vermir. Dünya ədəbiyyatında tənbəl detektiv obrazına çox rast gəlirik. Komissar Meqre, Şerlok Xomls, Niro Vulf, Erkül Puaro hərəkət etməkdənsə, qapalı bir məkanda uzun-uzadı düşünməyə üstünlük verirlər. Köməkçiləri də lazım olan məlumatı toplayıb onlara təqdim edir. Məsələn, Niro Vulf heç vaxt evdən bayıra çıxmağı sevməzdi, köməkçisi Arçi Qudvin ona lazım olan məlumatı toplayardı.

Dünya siyasətinin ən böyük tənbəli Böyük Britaniyaya uzun müddət rəhbərlik etmiş Vinston Çörçill hesab edilir. 90 illik ömrü boyunca o heç vaxt tələsikliyə yol verməzmiş. Yatmağı, siqar çəkməyi və spirtli içki qəbul etməyi sevərmiş. Bir çox analitik onun uzunömürlülüyü və uğurluluğunun sirrini məhz düzgün təşkil edilmiş istirahətdə görür. Yəni o yorulduqda yatmağa üstünlük verərmiş, az hərəkət etməklə enerjisini qoruyarmış.

Düşünən insan tələsməyən insandır. Hər bir şirkətin belə bir “tənbələ” ehtiyacı var, çünki beləsinin bir ideyası bəzən bütün ofis komandasının gördüyü işdən üstün olur. Reallıqda belə “tənbəl”lər həyatda uğur qazana bilmirlər, çünki həyatın ritminə uyğunlaşmaq baxımından bir qədər ləng olurlar. Belə tip analitikləri hər bir cəmiyyət milli sərvət kimi qorumalı və işə cəlb eləməlidir.

Biz qorumasaq, axtarmasaq, aramasaq, onlar başqa dövlətləri, şirkətləri varlandıracaqlar.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm