"Azərbaycan ABŞ-ın istədiyi "otur-buyur" siyasəti ilə addım atmayacaq" - ŞOK AÇIQLAMA
21.11.2023 14:05 Xarici siyasət

"Azərbaycan ABŞ-ın istədiyi "otur-buyur" siyasəti ilə addım atmayacaq" - ŞOK AÇIQLAMA

Son günlər ABŞ və Fransanın Ermənistana yardımı fonunda Azərbaycana qarşı təzyiqləri artıb. Bakının hər bir məsələdə yardım etdiyi ABŞ-dan belə “təşəkkür” alması isə təəssüf doğurur.

Bəs görəsən, bu addımın səbəbləri nədir? Ümumiyyətlə, proseslərin belə davam etməsi fonunda, ABŞ-Azərbaycan münasibətlərini nələr gözləyir? 

Mövzunu "MediaPost"a şərh edən politoloq Faiq Ələkbərli bildirib ki, ABŞ və Fransanın Azərbaycana qarşı münasibətlərinin kəskinləşməsi qəbuledilməzdir: "Əvvəllər Azərbaycana münasibətdə daha çox ikili standartlar özünü büruzə verirdisə, indi rəsmi Bakıya münasibətdə qərəzlilik daha da çoxalıb.

alt text

İndiyədək biz Fransa və ABŞ-ı Minsk Qrupunun həmsədrləri kimi qəbul etmişik. Doğrudur, ABŞ özünü nisbətən doğruldurdu. Buna rəğmən obyektivliyini hər zaman qoruyub saxlaya bilmirdi. Ancaq Fransa isə hər zaman bizə qarşı ikili münasibət və qərəzlilik sərgiləyib. Son hadisələrdən sonra isə Fransa açıq-aşkar rəsmi Bakıya qarşı qərəzliliyini artırıb. Hətta bunu siyasi və hərbi formaya gətirib. Təəssüf ki, bu siyasət ABŞ-ın timsalında da özünü büruzə verir".

Politoloqun sözlərinə görə, Vaşinqtonun bu cür kəskin mövqeyi həm də Ermənistanın Qərbə yönəlməsi ilə bağlıdır: "ABŞ bir çox fondların əli ilə sözdə demokratikləşmə həyata keçirsə də, əməldə mənzərə tamamilə fərqlidir. Ona görə də, Azərbaycana münasibətdə bu cür ikili yanaşma sərgilənir. Bütün bunlar isə tərəflərin münasibətində yaxşı heç nə vəd etmir. Artıq rəsmi Bakı Vaşinqtonun təşkil etdiyi bəzi görüşlərdən də imtina edib. Hesab edirəm ki, ABŞ Azərbaycanla münasibətlərini bu cür davam etdirsə, itirən tərəf yalnız Vaşinqton olacaq. Çünki Azərbaycan yeni dönəmdə regionda və dünyada özünü güc olaraq təqdim edib. ABŞ isə Ermənistan və Gürcüstan kimi sözəbaxan dövlətlər lazımdır. Azərbaycan isə Türkiyə ilə birgə regionda müttəfiqliyini davam etdirir, Türk Dövlətləri Birliyinin mövqeyini artırır. Bu isə ABŞ-ın istəyinə və maraqlarına ziddir. Ona görə də, Vaşinqton Bakıya qarşı bu cür addım atır. Hər halda rəsmi Bakı bütün bunlara susqun qalmayacaq və öz yolunu müəyyənləşdirəcək. Biz ABŞ-ın istədiyi "otur, buyur" siyasəti ilə addım atmayacağıq".

Müşviq Tofiqoğlu

Gündəm