"Azərbaycan ABŞ üçün daha vacib ölkədir, burada söhbət təkcə neft və qazdan getmir" - İLGİNC AÇIQLAMA
21.11.2023 17:35 Xarici siyasət

"Azərbaycan ABŞ üçün daha vacib ölkədir, burada söhbət təkcə neft və qazdan getmir" - İLGİNC AÇIQLAMA

"İrəvan və Bakının birbaşa dialoqa başlaması və problemləri Cənubi Qafqaz regionunun xeyrinə həll etməsi vacibdir". Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. "Digər ölkələr də tərəflər arasında aparılan danışıqlara öz dəstəklərini təklif edirlər. Biz uzunmüddətli sülhə nail olmaq üçün birbaşa danışıqları vacib hesab edirik", - Miller bildirib. Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan rəhbərliyini dəstəkləyir və iki ölkə arasında bütün tərəflərin hüquqlarına hörmətlə yanaşacaq davamlı sülhün bərqərar edilməsinə yönəlmiş danışıqlara kömək etməyə hazırdır.

Bəs görəsən, Millerin bu açıqlamasını geri addım kimi dəyərləndirə bilərikmi? Ümumiyyətlə, Bakı və Vaşinqtonun birbaşa dialoqa girməsi mümkündürmü?

Mövzunu "MediaPost"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra başda ABŞ olmaqla Qərb dövlətləri birbaşa Ermənistanın tərəfini tutmağa başlayıb: "Onların 907-ci düzəlişi yenidən işə salmaları bunun göstəricisidir. Təbii ki, ABŞ-ın regionda öz maraqları mövcuddur. Amma bu maraqlar təkcə Ermənistanla yekunlaşmır.

alt text

Azərbaycan ABŞ üçün daha vacib ölkədir. Burada söhbət təkcə neft və qazdan getmir. Azərbaycanın gücü və regionda təsir imkanları strateji vəziyyəti rəsmi Bakının xeyrinə dəyişir. Vaşinqtonda anlayırlar ki, Azərbaycana qarşı nə qədər çox çıxsalar, rəsmi Bakı Rusiyanın, Çin və İrənın tərəfdaşlığına bir o qədər çox dəyər verəcək. Bu isə ABŞ-ın maraqlarına cavab vermir. ABŞ anlayır ki, Azərbaycan qalib ölkədir. Onun gücü və nüfuzu ilə Ermənistanı eyni tərəziyə qoymaq olmaz. Hazırda Azərbaycana qarşı qərarları ABŞ Konqresi qəbul edir. Amma ABŞ da Pentaqon və MKİ kimi strukturlar da mövcuddur. Bu strukturlar isə tam olaraq Ermənistan yönümlü siyasət yürütmürlər. Bu qurumlarda Azərbaycan və Türkiyənin vacibliyini çox gözəl anlayırlar. Bu strukturlar tərəfindən Ağ Evə təsir imkanlarının mövcud olması istisna deyil. Odur ki, Millerin açıqlamasının arxasında məhz bu amilin dayandığını söyləyə bilərik".

Politoloqun sözlərinə görə, ABŞ Konqresinin Ermənistan tərəfindən çıxış etməsi mümkündür. Amma Pentaqonda Azərbayfcan tərəfə addımların atıldığını da müşahidə edirik: "ABŞ siyasəti bütün qurumların istəyini nəzərə alaraq ümumi addım atır. Böyük dövlətləri fərqli edən də məhz budur. Bu siyasət Rusiyada da həyata keçirilir. Məsələn, biz Lavrov və Zaxarovanın Ermənistanın tərəfini tutduğunu görsək də, Peskovun davranışlarında əksini müşahidə edirik. Amma təbii ki, bütün qurumlar öncə öz dövlətlərinin maraqlarını nəzərə alaraq addım atırlar".

Müşviq Tofiqoğlu

Gündəm