"Azərbaycan bu vəziyyətdə AŞPA-nı tərk edə bilər" - ŞƏRH
11.02.2020 08:40 Fikirlər

"Azərbaycan bu vəziyyətdə AŞPA-nı tərk edə bilər" - ŞƏRH

Bu sözləri "MediaPost"a açıqlamasında politoloq Əziz Əlibəyli söyləyib. O bildirib ki, Avropa Şurası artıq ömrünü başa vurduğunu hiss edir, lakin mövcudluğunu sübut etmək üçün hədəf nöqtələri seçir:

"Avropa qurumlarının Azərbaycana qarşı mövqeyində təzyiq görülməkdədir. Bu, əvvəllər də var idi. Lakin indi artan tendensiyanın şahidi oluruq. Ölkə rəhbəri də bu yaxınlarda AŞPA-nın ikili standartları ilə bağlı fikrini bildirdi.

Azərbaycan bu vəziyyətdə AŞPA-nı tərk edə bilər

Şübhəsiz ki, bir çox təşkilatlar ömrünü başa vurmaqdadır. Çünki İkinci Dünya Müharibəsinin sonrakı dönəmində meydana çıxan fərqlilikləri və münasibətləri idarə etmək üçün bu təşkilatlara ehtiyac var idi. Lakin onların bir qismi artıq ömrünü başa vurmaqdadır. Azərbaycana qarşı elə bir zamanda qətnamə qəbul olunur ki, ya dövlət tədbiri keçiririk, ya xüsusi bir layihə icra edirik. Məhz həmin anda qətnamə qəbul edərək AŞPA yürütdüyü ikili standartları göz önünə sərir. İkinci bir məsələ, bu qətnamələrin kimlər tərəfindən qəbul olunması ilə bağlıdır. Elə ölkələrin nümayəndələri dinləmələr təşkil edir, qətnamə hazırayır ki, onların öz daxilində böyük problemlər var. İslandiya bu gün faşizmlə boğuşur, eyni zamanda Azərbaycanla bağlı qətnamə qəbul edir. Əgər bu belədirsə, niyə Fransada, İspaniyada insanları atın, itin ayağının altında əzdilər, lakin bu, heç biri qətnamədə yer almadı. Və ya Ermənistanda mitinqlər oldu, Paşinyan hakimiyyətə gəldikdən sonra müxalifətçilərə divan tutdu. Ermənistandakı insan haqları müdafiəçiləri, blogerlər Avropanın bütün İnstitutlarına müraciət edirlər, ortada yenə bir qanun qəbul olunmur. Azərbaycana qarşı isə hər hansı bir layihə icra edildiyi vaxtda başlayırlar işə düşməyə. Məsələ budur ki, Avropanın bu yanaşması Azərbaycana qarşı xoş olmayan məqsəddən xəbər verir. Təbii ki, müəyyən problemlər var və Azərbaycan bu problemlərin həlli üçün çalışır".

Politoloq Azərbaycanın AŞPA-nı tərk edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib: "Azərbaycan bu vəziyyətdə əlbəttəki AŞPA-nı tərk edə bilər. Ölkəmiz AŞPA-nın tam hüquqlu üzvü olduqdan sonra müəyyən bir mərhələ keçib. Dünya əhəmiyyətli enerji layihələrimiz sayəsində Azərbaycan dünyadakı oyunçu aktrlardan birinə çevrilib. Ona görə də, bu gün Avropanın bizə ehtiyacı var. İran, Rusiya ilə qonşuyuq, Yaxın Şərqin zəngin neft bazalarına çıxışımız var və bu bölgədə Avropa standartına, düşüncəsinə yaxın yeganə siyasi məkanıq. Bu baxımdan da, Azərbaycanın oranı tərk etməsi, qurum üçün itki hesab oluna bilər".

Xəbərlər departamenti

Gündəm