Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video
04.11.2019 07:21 Fikirlər

Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə demək olar ki, hər oyundan sonra yaxşı mənada müzakirə mövzusuna çevrilir. O, öz mövqeyində yüksək səviyyədə oyun sərgiləyərək azarkeşlərlə yanaşı, mütəxəssislərin də rəğbətini qazana bilib.

Mediapost.az məlumat verir ki, 22 yaşlı Bəhlul Mustafazadə futbola uşaq yaşlarında İmişlinin MKT Araz klubunda başlayıb. Özünün dediyinə görə, orada futbolçu kimi formalaşmasında onun üzərində əziyyət çəkənlər çox olub. “Qəbələ” klubuna hücum xəttinin oyunçusu kimi gəldiyini deyən Mustafazadə adıçəkilən komandada məşqçilərin tapşırığından sonra müdafiə mövqeyinə çəkilib. Əyalət təmsilçisindən icarə əsasında Azərbaycan Premyer Liqasında çıxış edən “Sumqayıt” klubuna keçib. Hazırda "Sabah"ın formasının geyinən futbolçu klubunun uğurları üçün çalışır.

Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video

Futbolçu kimi milli komandanın heyətinə cəlb edildikdən sonra populyarlaşmağa başlayıb.

Mustafazadə öz peşəkar karyerasında debütünü “Sumqayıt” ilə 2017-ci ilin fevral ayında edib. O, “Kəpəz” klubu ilə qarşılaşmada 90 dəqiqə meydanda mübarizə aparıb. Həmin görüşdə “Sumqayıt” 3-1 hesabı ilə qalib gəlib.

Bir ara Britaniya mətbuatında Bəhlul Mustafazadənin “Seltik” klubu ilə yanaşı çəkildiyinə dair məqalə dərc olunub. İngilis mətbu orqanında müdafiəçi haqda “Bəhlul Mustafazadə fantastik futbolçudur” yazılıb:

"Bəhlul Mustafazadə bu komanda üçün yaxşı seçim ola bilər. Azərbaycan U-21 millisinin üzvü lazım olarsa, yarımmüdafiədə də oynaya biləcək fantastik futbolçudu. Rəqib hücumları zamanı təhlükəni dərhal sovuşdurmaq əvəzinə rahat oynayan tip futbolçulardandı. Yaxşı fiziki göstəriciləri isə ona həm hücumçularla ikili mübarizələrdə, həm də rəqib cərimə meydançasında üstünlük qazandırır”.

Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video

Bəhlul Musatafazadə isə yerli mediaya açıqlamasında belə bir keçidin gündəmdə olmadığını bildirib:

“Rəsmi müqavilədə olduğum agentim yoxdur. Amma bəzi agentlərin legioner həyatı yaşamağım üçün çalışdıqlarını eşitmişdim. Mən yalnız bunu deyə bilərəm. "Seltik" məsələsi barədə isə mənimlə hər hansı danışıqlar olmayıb".

Lakin futbolçu müsahiblərinin birində daha böyük klublara getməyi, Avropada oynamağı hədəflədiyini söyləyib.

AVRO 2020-nin qrup mərhələsində Macarıstanla qarşılaşma zamanı topu qapıdan keçirən Bəhlul Mustafazadənin qolunun hesaba alınmasına baxmayaraq, futbolçu məsələyə nikbin yanaşıb:

“Bunlara öyrəşməliyik. Futboldur, belə şeylər olur. Edə biləcəyimiz bir şey yoxdur. Gələn oyunlarda müsbət nəticə qazanmaq lazımdır”.

Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video

Mustafazadə həmçinin həmin epizodla bağlı söyləyib ki, hakimə etiraz etməmələrinə səbəb qolun nəyə görə hesaba alınmadığını bilməmələri olub:

“Hakim əvvəlcə mərkəzi göstərdi və düşündük ki, qol qeydə alınıb. Lakin mənə sarı vərəqə göstərildi. Nə baş verdiyini dəqiq bilmədik”.

Yeri gəlmişkən, qeyd edək ki, Bəhlul ümidverici və pozitiv açıqlamaları ilə də diqqət çəkir. İstər sosial media hesabında, istərsə də jurnalistlərin suallarını cavablandırarkən neqativ təsir bağışlayan münasibət bildirmir. Özünün dediyi kimi, milli komandaya gələn oyunçu fiziki və psixoloji cəhətdən tam hazır olmalıdır. O cümlədən Bəhlul Mustafazadə idmandan əlavə mütaliə ilə məşğul olduğunu söyləyib. Futbolçu eyni zamanda hobbisinin meydandakı oyununa nə qədər təsir edib-etməməsi ilə bağlı danışıb:

“Hesab edirəm ki, mütaliənin xidməti daha çox meydandan kənardadır. Bu, əsasən kənarda davranışlarına təsir göstərir və bu da sənin avtomatik oyununa da sirayət edəcək. Çünki idman zəkası fərqlidir. Elə futbolçular var ki, savadı aşağı səviyyədədir. Amma idman zakası çox yüksəkdir”.

Azərbaycan futbolunun yeni nəfəsi Bəhlul Mustafazadə - Fotolar, Video

Mustafazadə verilişlərin birində hansı futbolçunu özünə kumir görməsindən də söhbət açıb:

“TOP müdafiəçilərin hərəsinin özünəməxsus keyfiyyətlərini çalışıram özümdə aşılayım. Amma bir nəfəri seçərsəm, Serxio Ramoş müasir dövrün ən yaxşı müdafiəçisidir”.

O, yığma komandada oyuna çıxarkən həyəcanlı olmadığını və bunu tam səmimi dediyini bildirir.

Bəhlul Baş məşqçi Nikola Yurceviç haqda danışarkən, onun gəlişindən sonra komanda üzvlərinin hər matçda vuruşduğunu dilə gətirib. Futbolçu həmçinin bildirib ki, mütəxəssis yığmanın başına keçdikdən sonra milliyə dəvət alıb.

Sevindirici haldır ki, Mustafazadə yerli – “Qəbələ” Futbol Akademiyasının yetirməsidir.

B.Mustafazadənin müdafiədə göstərdiyi performansı özündə əks etdirən videonu təqdim edirik:


Xəbərlər departamenti

Gündəm