Azərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH
13.11.2019 14:04 Fikirlər

Azərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH

Prezident İlham Əliyev kadr islahatlarını davam etdirir. Noyabrın 12-də dövlət başçısının sərəncamları ilə beş şəhər və rayona (Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonları) yeni icra başçıları təyin edildi.

İcra hakimiyyəti strukturları insanlarla birbaşa təmasdadırlar və onların necə fəaliyyət göstərməsi cəmiyyətin hakimiyyətin siyasətinə baxışını formalaşdırır. Təsadüfi deyil ki, Prezident hər yeri təyinatdan sonra iki önəmli fikrini yeni icra hakimiyyəti başçılarının diqqətinə çatdırır.

Birincisi, prezident icra hakimiyyəti başçılarının vətəndaşlarla birbaşa təmas saxlamasını tələb edir, “kabinetlərdə çox oturmayın, yerlərdə olun və insanların şikayət və problemlərini dinləyin”.

İkincisi, prezident yeni icra hakimiyyəti başçılarını qanunsuz hərəkətlərə yol verməməyə çağırır. Dövlət başçısı rüşvət və korrupsiyaya bulaşanları sərt cəza gözləyəcəyini bildirir. Bu, ciddi xəbərdarlıqdır. Prezident yeni icra hakimiyyəti başçılarını qəbul edərkən birbaşa xalqa da müraciət edir ki, qanunsuzluqlarla rastlaşdığınız halda bunu dərhal Prezident Administrasiyasına çatdırın.

Prezident hər iki tələbində haqlıdır. Çünki bir sıra hallarda vətəndaşlar məhz prezidentin toxunduğu iki məsələdən şikayətlənirlər, yəni icra hakimiyyətlərində ya onları dinləmirlər, dinlədikdə isə problemlərini həll etmirlər və hansısa işin müqabilində onlardan rüşvət tələb edirlər.

Bu arada, Milli Məclisdə 2020-ci ilin büdcə müzakirələrinə start verilib. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. 2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

Azaərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH

Neftin büdcədə bir barelinə görə 55 dollar götürülməsi anlaşılandır. Çünki il ərzində neftin 1 barelinə görə qiyməti gah 80 dollara qalxır, gah da 60 dollara enir. Neftin qiymətini proqnozlaşdırmaq çətindir, ona görə də büdcədə bir qədər aşağı qiymət götürülür ki, təhlükələrdən sığortalana bilək. Neftin qiymətlərinə təsir edən obyektiv və subyektiv səbəblər çoxdur. İnflyasiya səviyyəsinin ildən-ilə azalması isə Azərbaycanda qeyri-neft sektorunun inkişafıyla bağlıdır. Məsələn, 2019-cu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayesi 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb, pambıq və taxıl istehsalı da artır. Bu göstəricilər Azərbaycanın idxaldan asılılığını azatlmağa, ərzaq təhlükəsizliyini təmin etməyə, o cümlədən ixracını artırmağa xidmət edir.

Azaərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH

Bütövlükdə 2020-ci ilin büdcəsi 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq-mühafizə orqanlarının saxlanması xərclərində 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Azaərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH

İqtisadiyyat naziri Mikayıl Cabbarovla Maliyyə naziri Samir Şərifovun parlamentdəki çıxışlarından bu qənaətə gəlmək olar ki, növbəti ilin büdcəsi də sosialyönümlüdür, prioritet kimi insanların problemlərinin həlli götürülüb. Dövlət şirkətlərinin aydın və dəqiq strategiyaya malik olması, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilməsinin qarşısı alınması vacibliyini iqtisadi inkişaf naziri parlamentdəki çıxışında bir cümlə ilə belə izah etdi: “İqtisadiyyatımıza müvafiq standartlar gətirilməlidir. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir, bu sahədə insan kapitalının rolu artacaq”.

Mikayıl Cabbarovun çıxışından bu nəticəyə də gəlmək olar ki, büdcədən maliyyəşən böyük dövlət şirkətləri öz fəaliyyətlərində səmərələliyi artırmalıdır. Çünki ilbəil dövlət büdcəsində bu dövlət şirkətlərinə ayrılan vəsaitlər azalmır. Bu isə onlara ayrılan vəsait zəminində büdcə yükünü artırır. Halbuki dövlət şirkətləri fəaliyyətlərini optimallaşdırsalar, onlara ayrılacaq büdcə xərclərini sosial problemlərin həllinə yönətlmək olar. Ona görə də dövlət şirkətləri fəaliyyətlərini müasir dövrün tələblərinə uyğun qurmasalar, bu şirkətlərdə də kadr islahatları sürətlənəcək. İnsan kapitalının inkişafı və əmək məhsuldarlığının artırılması növbəti illərin əsas prioritetlərinə çevriləcək və büdcədə də öz əksini tapacaq. Onu da nəzərə almaq lazımdır ki, 2020-ci ildən Azərbaycanda əhalinin tamamı üçün icbari tibbi sığortanın tətbiqinə başlanacaq. Vacib sosial layihə olan icbari tibbi sığortanın tətbiqinə bir neçə milyard manat xərclənəcək.

Azərbaycan iqtisadiyyatının neftdən asılılığı hələ tam aradan qaldırılmayıb, ancaq bu tendensiya müsbətə doğru dəyişir. Əgər keçmiş illərdə dövlət büdcəsində neft gəlirlərinin miqyası kifayət qədər yüksək idisə, növbəti ilin büdcəsində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri isə 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfert nəzərdə tutulur. Önəmli olan büdcənin neft gəlirlərindən asılılığını minimuma endirməkdir. Elə güman etmək lazımdır ki, Azərbaycanda neft istehsalı yoxdur və büdcəni ildən-ilə bu əsasda formalaşdırmaq lazımdır. Prezident də dəfələrlə qeyd edib ki, neft tükənən sərvətdir, Azərbaycanın münbit torpağı və insan kapitalı isə daimidir, sadəcə, bu amillərdən yararlanmaq lazımdır.

Azaərbaycan iqtisadiyyatını gələn il nələr gözləyir? - ŞƏRH

İqtisadiyyat naziri parlamentdəki çıxışında Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyilli olduğunu xüsusi vurğuladı. Nazirin fikrincə, bu amili tam gücü ilə hərəkətə gətirmək lazımdır. Həqiqətən bu, Azərbaycan xalqının işgüzarlığından və gəlir əldə etmək bacarığından xəbər verir. Ancaq bunun tam şəkildə reallaşması üçün iqtisadiyyat nazirinin söylədiyi kimi bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalı və biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Digər vacib element mülkiyyət hüququnun daha etibarlı qorunmasının təmin edilməsidir. Bunlar olmadan rəqəmsal iqtisadiyyata inteqrasiyanın çətin olacağını etiraf edən Mikayıl Cabbarov yüksək neft gəlirləri dövründə dövlətin rolunun post-neft dövründə dəyişdiyini vurğuladı. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran digər vəzifələrdən biridir.

Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün iki mühüm problem də həllini gözləyir. Mikayıl Cabbarov çıxışında bu iki problemin varlığına bu cümlə ilə işarə etdi: “Bank sektorunun sağlamlaşdırılmasını başa çatdırımaq və biznesin maliyyə vəsaitlərinə çıxışının təmin etmək vacibdir”. Həqiqətən sağlam bank sektoru formalaşdırmadan kiçik və orta sahibkarlarının problemlərini həll etmək çətin olacaq.

Beləliklə, iqtisadiyyatda və sosial həyatda irəliləyişlər olmaqla yanaşı görüləsi və həllini gözləyən problemlər də az deyil. Önəmli olan 2018-ci ildən sonra başlanan islahatların sürətini daha bir az artırılmasına nail olmaqdır.

Elxan Şahinoğlu, xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm