Azərbaycan kinosu və ədəbiyyatı nəyə görə YADDA QALAN OBRAZ yarada bilmir?
Kino bəzən həyatın özünə bənzəyir. Hərdən elə maraqlı hadisələrlə rastlaşırıq ki, “elə bil kinodur” deyirik. Bəzən xoş, bəzən isə ağır, məşəqqətli tale yaşayan Azərbaycan kinosu 1 əsrdən artıqdır öz mövqeyini dəyişməyib. Yarandığı gündən kinomuzu nə qədər sağa-sola çəksələr də, səmtini dəyişmək istəsələr də, yenə də milli düşüncəyə, vahid dövlətçilik ideologiyasına xidmət edib.
Bəs Azərbaycan kinosunu dünya kinosunun bir parçası kimi hesab etmək olarmı?
Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev bildirib ki, dünya kinosunun dahi sənətkarı Sergey Eyzenşteynin vasitəsilə kino özünü mədəniyyətin bir parçası kimi dərk etdi:
“Müasir kino mənə ötən illərin şah əsərləri ilə müqayisədə bir qədər bəsit görünür. Bu, həm dünyada baş verən proseslərlə, həm də mədəniyyətin ümumi vəziyyəti ilə əlaqədardır. Dünya kinosunun dahi sənətkarı Sergey Eyzenşteyn öz yaradıcılığı və nəzəriyyəsi ilə kinonu ümumi tamaşa mədəniyyətinin bir hissəsi kimi görürdü. Sənətkar və rejissor özünün “ilahi missiya”sını dərk etməlidir. Bu, həm dünya, həm də milli kinomuza aiddir”.
Kinorejissorun sözlərinə görə, həm kinomuzun, həm də ədəbiyyatımızın mənfi cəhəti özlərini cəmiyyətdə təsdiq edə bilən qəhrəmanların olmamasıdır:
“Müasir Azərbaycan kinosuna gəldikdə isə bildirmək istəyirəm ki, bizdə "Sovet vaxtı filmlər daha səviyyəli idi, nəinki, müstəqillik dövründə" kimi çox yanlış düşüncə formalaşıb. Mən elə düşünmürəm. Müstəqillik dönəmində çəkilən filmlər çox fərqləndi, dünyaya açıldı. Ən gözəl əsərlərdə belə qəhrəmanlar yazıq, əksər hallarda aldadılmış, nəyinsə qurbanı kimi göstərilir. Nədənsə, milli kinomuzda da sənətkar öz missiyasını yalnız yazıq adamın dərdinə şərik çıxmaq kimi qavrayır. Məncə, bunun səbəbi Azərbaycanın çar Rusiyasının tərkibinə qatılmasıyla bağlıdır. Sovet dövründəki filmlərimizin əksəriyyəti yalnız milli rus mədəniyyətinə qoşula bildi, bəşəri mədəniyyət kontekstinə isə vara bilmədi”.