Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının rəsmisi ilə görüş keçirib
21.04.2021 16:20 Maliyyə

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının rəsmisi ilə görüş keçirib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Anna Byerde arasında videoformatda görüş keçirilib.

Bu barədə "MediaPost"a AMB-dən bildirilib.

Məlumata görə, görüşdə E.Rüstəmov ölkəmiz ilə DB arasında uzunmüddətli strateji əməkdaşlığın ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb, daha sonra ölkədə iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən bəhs edib və bildirib ki, 2020-ci ildə bütün ölkələr kimi Azərbaycan da mürəkkəb çağırışlarla üzləşib. Qlobal bazarlarda baş verən proseslər, neft qiymətlərində volatillik və pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq ötən il ölkəmiz üçün bütövlükdə uğurlu il olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub.

Hazırda ölkədə yeni nəsil islahatlara start verildiyi və növbəti 10 il üçün müəyyən olunmuş milli prioritetlərin Azərbaycanla Dünya Bankı arasında əməkdaşlıq üçün yeni istiqamətlər açdığı qeyd olunub. Bildirilib ki, bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına yönəlib. İslahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə DB ilə əməkdaşlıq daima mühüm rol oynayıb və əminlik ifadə olunub ki, DB strateji tərəfdaş kimi gələcəkdə də islahatların reallaşdırılmasında Azərbaycana dəstək göstərəcək.

A.Byerde öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olmasından öz məmnunluğunu ifadə edib. O, bildirib ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq yeni iqtisadi strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Dünya Bankı üçün də hazırda ən mühüm əməkdaşlıq istiqaməti yeni strategiyanın formalaşdırılmasına, genişmiqyaslı islahatların həyata keçirilməsinə zəruri dəstəyin göstərilməsidir. Strategiyada müəyyənləşdirilmiş istiqamətlər DB-nin Ölkə Tərəfdaşlıq Çərçivəsinin formalaşdırılmasında da əsas kimi götürülməsi nəzərdə tutulur.

A.Byerde qeyd edib ki, Dünya Bankı Maliyyə Sektorunun Qiymətləndirilməsi və Maliyyə Sektorunun Modernizasiyası layihələri çərçivəsində Azərbaycan maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək. Eyni zamanda, rəqəmsal transformasiya ilə bağlı ölkəmizə, o cümlədən AMB-yə lazımi dəstəyin göstərilməsinə hazırlıq ifadə edilib.

AMB və Dünya Bankı arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda DB-nin dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Xəbərlər departamenti

Gündəm