Azərbaycan Prezidenti: "Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar"
"Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir".
Mediapost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
"Belə
siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə
çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara
maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin
nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda
vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses
bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən
məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda
vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz
çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna
reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə
baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir
əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox
hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları
narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və
bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə
yanaşmalıdırlar. Beləliklə, Bakı şəhəri və Azərbaycanın bütün şəhərləri
planlı şəkildə inkişaf etməlidir", - dövlət başçısı bildirib.