Azərbaycan Prezidenti: “Bəzi ölkələr özlərinə lazım olandan 3-4 dəfə çox vaksin alır”
26.02.2021 14:31 Sosial

Azərbaycan Prezidenti: “Bəzi ölkələr özlərinə lazım olandan 3-4 dəfə çox vaksin alır”

“Biz pandemiyanın əvvəlindən situasiyanı nəzarətdə saxlayırıq”.

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət başçısı deyib ki, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı qərarlar kifayət qədər effektli olub: “Bizdə yoluxma səviyyəsi kifayət qədər aşağıdır. İndiyə qədər Azərbaycanda təxminən 200 mindən çox insan koronavirusa yoluxub, hazırda 2 mindən bir qədər çox aktiv xəstə var. Bizim xəstəxanalarda kifayət qədər boş yer var. Çünki biz pandemiyanın ilk ayında modul tipli 10-dan çox xəstəxana yaratdıq. Son iki ayda yoluxanlar və sağalanların say nisbətində sağalanların xeyrinə pozitiv dinamika müşahidə olunur. Eyni zamanda biz Cənubi Qafqazda ilk ölkəyik ki, Avropada olduğu kimi, vaksinasiyaya başlamışıq. Biz yanvarın 18-də vaksinasiyaya başlamışıq. Biz Çin istehsalı olan “Coronovac”-dan istifadə edirik. Biz eyni zamanda COVAX platformasına qoşulmuşuq və bu çərçivədə digər vaksinləri - “Astra/Zeneca”, “Moderna”, “Pfizer” də almalıyıq. Rusiya tərəfi ilə də ilk gündən “Astra/Zeneca” vaksininin tədarükü ilə bağlı imzaladığımız müvafiq sənəd olub. Çünki Rusiya şirkəti postsovet məkanında “Sputnik” vaksini ilə bərabər bu vaksinin də distributorudur. Ancaq hələ ki, bu vaksin ölkəmizə daxil olmayıb. Bizdə məlumat var ki, “Sputnik” vaksini hələlik Rusiyanın daxili tələbatını ödəyir. Rusiya çox məhdud həcmdə bu vaksini xarici ölkələrə çatdırıb.  “Coronovac” vaksininə gəlincə, 4 milyon doza ilə bağlı müqavilə bağlanıb. Mənə gündəlik məruzə olunur və hər gün 15-20 min insana peyvənd vurulur. Biz bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bu məqsədlə müvafiq həcmdə vəsait ayrılıb. Biz vaksin istehsalçılarını gözləyəcəyik”.

Prezident İlham Əliyev qeyd edib ki, vaksinasiya ilə bağlı Azərbaycan beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi bir məsələ də qaldırıb: “Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasında COVİD-19-a həsr olunmuş xüsusi sessiya keçirildi, təşəbbüsümüz 150-dən çox ölkə tərəfindən dəstəkləndi. Bu sessiya keçən ilin dekabrında təşkil olundu. Mənim səsləndirdiyim tezislərdən biri o idi ki, vaksin dünya ölkələri arasında ədalətli bölüşdürülsün, bu məsələdə proteksionizm, millətçilik olmasın. Təəssüf ki, biz tamamilə başqa mənzərəni görürük. Biz görürük ki, hətta müttəfiqlər arasında ciddi problemlər yaranır ki, kim nə qədər vaksin alıb, kimə verilməyib. Ona görə də bu vəziyyətdə bir daha demək istəyirəm ki, bu barədə bütün həmrəylik, bu bəla ilə birgə mübarizə ilə bağlı həmrəyliklə əlaqədar bəyanatlara baxmayaraq, praktikada biz bunun tamamilə əksini görürük. Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alırlar. Məsələn, Kanada. Mən bu barədə danışmışam. Deməli, belə çıxır ki, kimlərəsə çatmayacaq. Artıq alınan vaksinlər o ölkələrə lazım deyil. Onlar sözdə bərabərlik, insan hüquqlarından, demokratiyadan danışırlar, praktikada isə kasıb ölkələrdə yaşayan milyonlarla insanın hüquqlarını pozurlar. Hətta vaksin almaq üçün imkanları olsa da, vaksinə çıxış yoxdur. Mən açıq deyim ki, əgər biz bütün istehsalçılarla müqavilə imzalamasaydıq, biz də bu gün vaksinsiz qalardıq. Biz çoxdan “AstraZeneca” vaksinini almalı idik, almamışıq. Artıq bir neçə aydır ki, bu vaksini almamışıq. “Sputnik” vaksinini də almamışıq. COVAX platforması çərçivəsində “Pfizer”, “Moderna” vaksini almalı idik, almamışıq. Bizə heç kim bu vaksinləri nə vaxt alacağımızı da demir. Yaxşı ki, bizim çinli tərəfdaşımız öz öhdəliyini yerinə yetirir. Vaksini almaq üçün vəsaitimiz də var. Bəs belə imkanları olmayanlar nə etsinlər? Bu insanlar ölməlidirlər? Varlı ölkələr özlərini peyvənd etməli, istehsal olunan vaksinləri özlərinə götürməli, adi insan hüquqlarına saymazlıq nümayiş etdirməli, kasıb ölkələr isə əziyyət çəkməlidir?! Bəs hansı bərabərlikdən danışırıq? Məhz bu məsələni mən BMT Baş Assambleyasının xüsusi sessiyasında qaldırmışdım. Biz bu məsələni hazırda Qoşulmama Hərəkatı çərçivəsində də aktiv müzakirə edirik. Mənim təşəbbüsümü bir çox ölkələr dəstəkləyib. Hazırda əlavə müzakirələr aparılır. Biz artıq işə keçməliyik. Artıq heç nəyə yaramayan şablon bəyanatlar səsləndirmək yetər. Bu, artıq hamını bezdirib. Bu məsələnin hər bir insana aidiyyəti var. Biz bu məsələdə həm bir dövlət, həm də BMT-dən sonra üzv dövlətlərin sayına görə dünyada ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi prinsipiallıq göstəririk”.

Xəbərlər şöbəsi

Gündəm