Azərbaycan Qarabağda yaşıl enerji zonaları üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək
19.01.2021 11:23 Energetika

Azərbaycan Qarabağda yaşıl enerji zonaları üçün beynəlxalq şirkətlərlə əməkdaşlıq edəcək

Ölkə başçısının göstərişinə əsasən, “işğal altında olmuş ərazilər” “yaşıl enerji zonalarına” çevriləcək, bununla bağlı beynəlxalq şirkətlərlə əməkdaşlıq ediləcək. 

“MediaPost” xəbər verir ki, bunu Azərbaycan Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 11-ci Assambleyasının rəsmi açılış mərasimi və “Davamlı Post-COVID Bərpası üçün Enerji Keçidi” mövzusunda yüksək səviyyəli panel iclasında bildirib.

Nazir çıxışında Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə verdiyi töhfələr, həmçinin, elektrik enerjisi istehsalında müasir texnologiyalardan istifadə olunmaqla istixana qazı tullantılarının miqdarının azaldıldığı, adambaşına düşən istixana qazı emissiyasının digər inkişaf etməkdə olan və bəzi inkişaf etmiş ölkələrə nisbətən xeyli aşağı olduğunu qeyd edib. 

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payının 2030-cu ilədək 30%-ə çatdırılması vəzifəsinin irəli sürüldüyü, habelə, imzalanmış sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi bərpa olunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühitinin yaradılması, özəl investisiyaların cəlbi və irimiqyaslı layihələrin icrası üçün münbit şəraitin yaradıldığı diqqətə çatdırılıb.

Ölkədə müvafiq qanun layihəsinin hazırlandığı və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində hərracların təşkili üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyi vurğulanıb. Həmçinin, “Acwa Power” şirkəti ilə külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqısı və şəbəkəyə qoşulmaya dair müqavilələrin imzalandığı, “Masdar” şirkəti ilə isə günəş elektrik stansiyası layihəsi üzrə yekun müqavilələrin imzalanması üçün danışıqların davam etdirildiyi bildirilib. 

Tədbirdə həmçinin, Azərbaycanın uzun müddət işğal altında qalmış ərazilərinin azad edilməsinin bölgədə davamlı inkişaf üçün yeni imkanlar açdığı vurğulanıb. 

Xəbərlər departamenti

Gündəm