Azərbaycan qış turizminə hazırlaşır
16.11.2023 21:00 İqtisadiyyat

Azərbaycan qış turizminə hazırlaşır

Dünya ölkələri üçün yay turizmi kimi qış turizmi də əhəmiyyətli rola malikdir. Hər il olduğu kimi bu il də qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən aktivliklər baş verir. Adətən qış turizmi mövsümü dekabrın 1-dən açılır. Bu ərəfədə həm xarici turistləri, həm də ölkə vətəndaşlarımız  soyuq havaların dadını çıxarmaqdan ötrü turistik zonalarımıza üz tutur.

Bəs bu il Azərbaycan qış turizminə necə hazırlaşır?

Bu barədə turizm eksperti Əziz Şiriyev “MediaPost”a açıqlamasında qeyd edib ki, artıq ölkəmizdə mövsümi turizm məsələləri aradan qaldırılmaqdadır:

alt text

“Əvvəl Azərbaycan turizmi yay və qış turizmindən ibarət idi, indi isə mövsümiliyi aradan qaldırırıq, hətta indiki vaxtlarda belə turlar həyata keçirir. Təbii ki, rayonlarda olan sitrus bağları, Mingəçevirdə balıq turları, Qaranohurda heykinq turları zamanı təbiətlə harmoniyada olmaq üçün, eyni zamanda “Nar bayramı”, gələcək həftə Biləsuvarda keçiriləcək “Hinduşka festivalı”, həmçinin  həmin həftə Şamaxıda “Şərab və üzümçülük festivalı” kimi tədbirlərin olması insanların regionlara getməsinə və turların baş tutmasına səbəb olur. Qış turizmi ölkəmizdə Qusarda Şahdağ, Qəbələdə Tufandağ və Naxçıvanda Ağbulaq istirahət mərkəzi istiqamətlərində olur. Amma, təbii ki, Naxçıvana turlar az olur, çünki ikitərəfli təyyarə bileti qiyməti 120 manat olduğuna görə bir az baha başa gəlir. Ona görə də 25 manata nəqliyyat xidməti, tur rəhbəri, səhər yeməyi, çay süfrəsi, ekskursiya daxil olmaqla Quba, Qusar, Şahdağ turu və yaxud 25-27 manat arası bir günlük Qəbələ turlarına daha çox axın olacaq deyə düşünürəm. İndidən hazırlıqlar tam sürətlə davam edir”.

Ekspert Qarabağ zonasına tur ekskursiyalarının keçirilməsindən də bəhs edib:

“Bu il Qarabağ ərazisinə heç bir halda inanmırıq ki, kütləvi turlar baş tutsun. Düzdür, iki və üç günlük turizm şirkətləri  “Yolumuz Qarabağa”  layihəsi ilə sistem üzərindən alıb satış edirlər. “Xarı Bülbül” otelində qalmaqla turlar həyata keçirilir. Amma düşünürəm ki, yaxın gələcəkdə xüsusən təhlükəli ərazi imicindən çıxandan sonra, yəni minaların təmizlənməsi bitəndən və təhlükəsizlik tam təmin olunandan sonra kütləvi turistlərin axını baş verəcək və turizm şirkətləri bu işdə mühüm rol oynayacaqlar”.

Sevinc İbrahimzadə

Gündəm