"Azərbaycan-Rusiya münasibətlərini həqiqətən müttəfiqlik kimi qiymətləndirmək olar" - ŞƏRH
"Azərbaycan və Rusiya arasında Müttəfiqlik Bəyannaməsi imzalananda daxildə və xaricdə çoxları bunu ciddi qəbul etməmişdi. Bu Bəyannamə hazırda real, işlək sənədə çevrilib".
Bu fikirləri "MediaPost"a açıqlamasında politoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, intibah dövrünə qədəm qoymuş Azərbaycan-Rusiya münasibətlərini bu gün öz xarakteri etibarilə həqiqətən müttəfiqlik kimi qiymətləndirmək olar: "Bakının rəsmi ritorikasında və siyasətində "bölgədən kənar güclərin bölgə məsələlərinə qarışmasının yolverilməzliyi" yanaşmasının qabarıq şəkildə önə çıxması da bundan irəli gəlir. Lakin bu siyasətin Azərbaycanın uzunmüddətli, strateji seçimi olub-olmadığı barədə qəti rəy bildirmək hələ tezdir. Çünki bütün bu məsələlər həm də Rusiyanın özünü necə aparmasından və rəsmi Bakıya qarşı hansı münasibət sərgiləməsindən asılıdır. Hər bir halda regionda baş verənlər, Qərbin Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulmaq cəhdləri həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına ziddir. Məhz bu faktor Bakı və Rusiyanı daha da yaxınlaşdırır. Belə ki, bu məsələdə maraqların uzlaşması öz sözünü deyir. Hər bir halda gözləmək və hadisələri izləmək lazımdır", - deyə politoloq fikirlərini tamamlayıb.