Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb
13.11.2019 11:29 Gündəm

Azərbaycan - Uels matçı tanınmış hakimə tapşırılıb

AVRO-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Uels matçının təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılaşma Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Deniz Aytekinə yan xətt hakimləri Eduard Beytinger və Rafael Foltın kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru rusiyalı Sergey Zuyev, UEFA nümayəndəsi isə Niderlandan olan Mark Bos olacaq.

Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da başlayacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bundan 3 gün sonra Slovakiyanın qonağı olacaq. Trnavada Anton Malatinski stadionundakı görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oyunlara hazırlıq məqsədilə 11 - 16 noyabrda Bakıda, 17 - 19 noyabrda Slovakiyada təlim-məşq toplanışı keçiriləcək.

Xəbərlər departamenti

Gündəm