Azərbaycan və Türkiyə gömrük sahəsində təcrübə mübadiləsini gücləndirəcək
28.11.2022 12:35 İqtisadiyyat

Azərbaycan və Türkiyə gömrük sahəsində təcrübə mübadiləsini gücləndirəcək

Azərbaycan və Türkiyə arasında gömrük sahəsində məlumat və təcrübə mübadiləsini daha da gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması vacibdir.

MediaPost xəbər verir ki, Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu barədə bu gün DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun Türkiyənin Azərbaycandakı səfirliyinin Ticarət Müşavirliyinin nümayəndələri - Ahmet Erdal, Yakup Sefer və Murat Yaman ilə görüşündə bildirilib.

Görüşdə həmçinin “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Saziş”in, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış “Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in icrası ilə bağlı bəzi texniki məsələlərin qısa zaman kəsiyində həllinin zəruriliyi də diqqətə çatdırılıb.

Görüşdə dövlətlərimiz və xalqlarımız arasındakı tarixi ənənələrə söykənən dostluq, qardaşlıq münasibətlərindən, bütün sahələrdə, o cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq əlaqələrindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edilib. Azərbaycan və Türkiyə prezidentlərinin səmimi dostluq və qardaşlıq münasibətlərinin, inam və etimadın qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə böyük zəmin yaratdığı vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Xəbərlər departamenti

Gündəm