Azərbaycana eqzotik meyvələrin gətirilməsində problem yaranıb?
22.04.2020 15:49 İqtisadiyyat

Azərbaycana eqzotik meyvələrin gətirilməsində problem yaranıb?

Azərbaycana eqzotik meyvələrin gətirilməsində heç bir problem yoxdur. Həmçinin qonşu ölkələrlə yük daşımalarda da hər şey öz axarı ilə davam edir.

Bunu “MediaPost”a açıqlamasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib: “Quru sərhədlər bağlansa da yükdaşımalarda problem yoxdur. Eqzotik meyvələri ölkəyə sahibkarlar gətirir. Odur ki, hansı eqzotik meyvədən nə qədər gətirilməsini də bazara uyğun olaraq sahibkar müəyyən edir. Tələbat varsa gətirir, tələbat yoxdursa gətirmir. Nəzərə almaq lazımdır ki, karantin rejimi ilə əlaqədar olaraq ölkədə ictimai iaşə obyektləri fəaliyyətini müvəqqəti dayandırıb. Eqzotik meyvələrin əsas alıcıları isə restoran və şadlıq evləridir. Hazırda bu məhsullara tələbat 5% azalıb. Toylar keçirilmir. Kafe restoranlar işləmir, otellər işləmir bu qeyd edilən obyektlər kənd təsərrüfatı məhsullarının daimi topdan satış alıcıları idilər. İndi bu sahələr fəaliyyət göstərmir deyə qeyd etdiyimiz meyvələr alınmır nəticədə də bazarda bolluq yaranır”

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə bildirib ki, ölkədə ən çox alınan eqzotik meyvələrdən biri də banandır: “Bu meyvədən pandemiyaya qədər il ərzində ölkəyə 3 min ton gətirilirdi. Bu ciddi bir rəqəm deyil, aşağı göstəricidir. Ümumiyyətlə eqzotik meyvələr daha baha olduğundan bazarda özünə yer tuta bilməyib. Ölkəmizdə belə meyvələrdən əsasən banan satılır. O da heç vaxt fantastik qiymətə olmayıb. Hava da istiləşəndə banan heç alınmır. Bananın vitrin dövrü aprel-may ayının axırına qədərdir”

Xəbərlər departamenti

Gündəm