Azərbaycanda 46 dövlət orqanı işçi axtarır
05.08.2020 15:54

Azərbaycanda 46 dövlət orqanı işçi axtarır

Avqustun 5-də mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 46 dövlət orqanında 408 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən “MediaPost”-a bildirilib ki, müsahibəyə çıxarılmış 408 vakant vəzifənin 3-ü AB, 28-i AC, 70-i BA, 307-si isə BB vəzifə qrupuna aiddir. Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə mərkəzi icra hakimiyyəti orqanlarından Təhsil Nazirliyi (155 vəzifə), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (34 vəzifə) və Dövlət Turizm Agentliyi (18 vəzifə), məhkəmə orqanlarından isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (14 vəzifə), Şəki Apelyasiya Məhkəməsi (13 vəzifə) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi (10 vəzifə) tərəfindən çıxarılıb.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər sentyabrın 3-ü saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir. Namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda o, müsahibədə iştirak edə bilməz. https://eservices.dim.gov.az/dqq/Home/Login

Xəbərlər şöbəsi

Gündəm