Azərbaycanda bank işçilərinin 50%-dən çoxu işə çıxmır
18.04.2020 07:34 İqtisadiyyat

Azərbaycanda bank işçilərinin 50%-dən çoxu işə çıxmır

Bütün dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar olaraq əksər sahələrdə fəaliyyət göstərən şirkətlər karantin rejimi çərçivəsində ancaq müəyyən sayda işçilərini işə çağırırlar. Şirkətin və təşkilatın digər işçiləri isə ya məzuniyyətə göndərilir, ya da məsafədən çalışmalı olur.

Ölkəmizdə işçilərinin əksər hissəsi məsafədən çalışanlardan biri də bank sahəsidir.

Bank eksperti Firuz Manafov “MediaPost”a bildirib ki, hazırda ölkədə bank işçilərinin 50%-i ofislərə gəlmir: “Banklarda çalışan əsasən ön ofis işçiləridir. Hansı ki, birbaşa müştərilərlə işləyirlər. Belə işçilərin distant işləməsi mümkün deyil. Bura xidmət, istehlak, mikro kreditlər böməsinin ekspertləri, həmçinin məlumat xidmətinin, resepşn bölməsinin və kassa bölməsinin ekspertləri daxildir. Bundan başqa filial direktorları, bölmə rəhbərləri də hər gün ofisə gəlirlər".

Firuz Manafovun sözlərinə görə, ümumilikdə bank işçilərinin 30-40% hər gün ofisə gəlir: “Banka gələn işçilərlə yanaşı, ödənişli əsaslarla məzuniyyətə göndərilən əməkdaşlar da var. Misal olaraq bir filialda istehlak krediti bölməsində 4 ekspet varsa, bu işçilərdən 3-ü işə çıxmır. Ön ofisin işçilərinin 50%-dan çoxu məzuniyətdədir. Karantin rejiminə görə, müştəri sıxlığı da azalıb”.

Ekspert bildirib ki, hazırda banklarda görülən işlər digər adi günlərdə olduğu kimi pul köçürmələri, debet kartların verilməsi, əməkhaqlarının köçürülməsi, valyuta dəyişdirilməsi, kommunal ödənişlərin və depozitin qəbuludur: “Müştərilər var ki, onlayn qaydada ödəniş edə bilmirlər. Belə şəxslər kommunal ödənişlər üçün bank filiallarına yaxınlaşırlar”.

Xəbərlər departamenti

Gündəm