Azərbaycanda COVID-19-a qarşı yeni layihə başlayıb - AÇIQLAMA
16.04.2020 10:40 Gündəm

Azərbaycanda COVID-19-a qarşı yeni layihə başlayıb - AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalara COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-S19 layihəsinə start verilib.

"MediaPost"un məlumatına görə, ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı layihənin detallarını açıqlayıb.

"Bu layihənin məqsədi Azərbaycan hökumətinin COVID-19 xəstəliyinə qarşı gördüyü hazırlıq işlərini gücləndirməyə köməklik etməkdir. Bildiyiniz kimi, koronavirus xəstələrinin yerləşdirilməsi üçün xəstəxanalar hazırlanır, müxtəlif tədbirlər görülür. Biz də ÜST olaraq bu xəstəliklə mübarizədə Azərbaycana dəstək veririk. Bura gələn 19 nəfər həkim həm Bakıda, həm də rayonlardakı müxtəlif xəstəxanalara gedərək 3 ay buradakı həmkarlarına dəstək olacaqlar, oradakı sistemlərin gücləndirilməsinə çalışacaqlar.

Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyi bizə çox dəstək olub. Onların vasitəsilə bizə çoxsaylı müraciətlər daxil oldu. Bəlli kriteriyalar əsasında seçim etdik və bu 19 nəfəri müəyyənləşdirdik. Ardınca həmin həkimlərə İzmir Ege Universitetində 1 həftəlik təlim keçirildi. Daha sonra Azərbaycan hökumətinin ayırdığı xüsusi təyyarələrlə Bakıya gətiriliblər. İyul ayının sonuna qədər müxtəlif xəstəxanalarda işləyəcəklər. Bu həkimlərə sadəcə, fiziki təlimlər keçirilməyib, ayrıca vebsayt da hazırlanıb. Bu sayt layihədə fəaliyyət göstərəcək hər kəsə onlayn olaraq həm Azərbaycan, həm də ingilis dilində məlumat mənbəyi olacaq".

O bidlririb ki, Türkiyədən azərbaycana gətirilən həkimlər getdikləri xəstəxanalarda bir neçə istiqamət üzrə fəaliyyət göstərəcəklər: "Həkimlər koronaviruslu xəstələrin digər xəstələrdən ayrılması ilə əlaqədar işlər görəcəklər ki, xəstəxana şəraitində yoluxma baş verməsin. İkinci istiqamət həm normal xəstəxanalarda, həm də reanimasiyada yatan xəstələrə qulluğun gücləndirilməsi ilə bağlıdır. Digər məsələ infeksiyaya nəzarətlə bağlı işlərin gücləndirilməsidir".

Xəbərlər departamenti

Gündəm