Azərbaycanda ilk: Ermənicə lüğət çap olundu - FOTO
27.02.2020 09:41 Cəmiyyət

Azərbaycanda ilk: Ermənicə lüğət çap olundu - FOTO

Azərbaycanda ilk dəfə Ermənicə-Azərbaycanca lüğət nəşr olunub.

Bu barədə “MediaPost”a Bakı Dövlət Universitetinin Erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O, kitabın çapının planlaşdırıldığından daha gec baş tutduğunu deyib:

“Əslində, lüğət dekabr ayında nəşr olunmalı idi. Sadəcə, müəyyən səbəblərdən kitabın çapı təxirə düşmüşdü. Nəhayət, işgüzar bir kollektivlə birlikdə uzun və gərgin əməyin nəticəsində Azərbaycan tarixində bir ilkə imza atıldı. İlk dəfə olaraq Strateji Kommunikasiyalar Mərkəzinin sifarişi ilə 975 səhifəlik və 74000 söz birləşmələrini əhatə edən Ermənicə-Azərbaycanca lüğət kitabı işıq üzü gördü.

Lüğət əsasən akademik səviyyədə tərcümə işləri ilə məşğul olan, eləcə də erməni dilini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulub”.

Azərbaycanda ilk: Ermənicə lüğət çap olundu

İ.Tanrıverdi lüğətə tələbatın çox olduğunu söyləyib: “Lüğət 3 gün əvvəl bütün universitetlərin və akademiyaların hər birinə 10 ədəd pulsuz paylanılıb. Bu lüğət hazırda satışda yoxdur. Tələbata uyğun olaraq yenidən nəşr olunaraq satışa qoyula bilər.

Ermənişünas alim kitabın hazırlanmasında könüllü şəkildə iştirak etdiklərini bildirib: “Kitabın hazırlanması üçün Prezident Adminstrasiyasından bizə dəvət gəlmişdi. Tapşırıq əsasında bu lüğəti hazırladıq. Kitabın baş tərtibatçısı mənəm. Lüğətin hazırlanmasında mən, köməkçim və tələbələrim birgə çalışmışıq. Hesab edirəm ki, bu bizim "Düşmənlə öz dilində mübarizə aparaq!" adlı devizimizi həyata keçirmək üçün uğurlu bir addımdır”.

Xəbərlər departamenti

Gündəm