Azərbaycanda Rusiya avtomobilləri yığılacaq
19.02.2020 12:24 İqtisadiyyat

Azərbaycanda Rusiya avtomobilləri yığılacaq

“Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ Qrup) ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə zavodun tikintisi başa çatmaq üzrədir”.

"MediaPost" xəbər verir ki, bunu “Report”a Azərbaycan İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, zavod üçün avadanlıq sifariş verilib: “Yaxın zamanlarda avadanlıq gətiriləcək və quraşdırılacaq. Mart ayına qədər avadanlığın quraşdırılması prosesi başa çatacaq. Test rejimində avadanlığın işlədilməsi və yığım işlərinə başlanılması gözlənilir. İşlər sürətlə getsə bu il zavodda ilk məhsul buraxıla bilər”.

Xatırladaq ki, 2019-cu ilin fevralın 9-da kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Zavodun dəyəri 14 mln manatdır. Burada ildə, təxminən, 1000 ədəd "QAZ" markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Zavodda 100 nəfərin işlə təminatı nəzərdə tutulur.

Xəbərlər departamenti

Gündəm