Azərbaycanda sığorta şirkəti rebrendinq edəcək
15.09.2020 10:20 Maliyyə

Azərbaycanda sığorta şirkəti rebrendinq edəcək - EKSKLÜZİV

Azərbaycanda sığorta şirkəti ikinci dəfə adını dəyişəcək. Söhbət “Amrah Sığorta” ASC-dən gedir. 

Bunu “MediaPost”a eksklüziv açıqlamasında “Amrah Sığorta”nın İdarə Heyətinin (İH) sədri Emil Ağasıyev deyib. İH sədri bildirib ki, hazırda şirkətin rebrenqi ilə bağlı fikirlər var. Bununla bağlı səhmdarların qərarı gözlənilir. Əgər qərar verilsə, ilin sonuna kimi şirkət brendin dəyişilməsinə gedəcək. 

O, “Amrah Sığorta”nın 2021-ci il üçün böyük planlarının olduğunu deyib:“Könüllü sığorta növlərinə, xüsusilə də avtomobil və səyahət sığortasına üstünlük verəcəyik. Sığortanı insanlara sevdirməyə çalışacağıq.”

Şirkət rəhbəri əlavə edib ki, hazırda “Amrah Sığorta”da kapitalla bağlı hər hansı bir tələb yoxdur, amma olduğu təqdirdə şirkətin bu tələbi aradan qaldırmağa yetəri qədər gücü var.

Qeyd edək ki, səhmdarlarının qərarı ilə avqust ayının əvvəlində ASC-nin nizamnamə kapitalı 300 min manat artırılaraq 5 milyon manatdan 5,3 milyon manata çatdırıldı. Kapital artımı şirkətin 2020-ci ilin sonuna qədərki xərcləri ilə bağlı ehtiyatların formalaşması tələbi ilə əsaslandırıldı.

Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Şirkətin səhmlərinin 85%-i Yunis İldırımzadəyə ("Amrah Bank"ın 53,16%-lik səhmdarı, 15%-i isə Əmrah İldırımzadəyə ("Amrah Bank"ın 0,33%-lik səhmdarı) məxsusdur.  

Rahim Tarıverdiyev

Gündəm