Azərbaycanda yeni nümunəvi dönərxanalar yaradılacaq
13.02.2020 10:10 Cəmiyyət

Azərbaycanda yeni nümunəvi dönərxanalar yaradılacaq

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələrin tədbiq edilməsidir: "Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq".

Onun sözlərinə görə, dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət ediləcək ki, onlar bu layihədə iştirak etsinlər: "Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik. Dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək".

O qeyd edib ki, ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq: "Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi tövsiyələrə əsasən həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir. Agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir. Heyvan kəsimi məntəqələrində də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək. Biz bunu ona görə xüsusi qeyd edirik ki, sonradan bu məsələyə narazılıq edə bilən insanlar bu layihənin hər hansı məqsədlərə söykəndiyini iddia etməsinlər. Bu, sırf qıda təhlükəsizliyinin təmininə yönəlib".

Xəbərlər departamenti

Gündəm