Azərbaycanda yenidən sahibkarlara 250 manat veriləcək - <span>RƏSMİ</span>
05.08.2020 09:40 İqtisadiyyat

Azərbaycanda yenidən sahibkarlara 250 manat veriləcək - RƏSMİ

Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

İqtisadiyyat Nazirliyindən “MediaPost”a verilən məlumata görə, qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

Sahibkarlardan qeyd edilən məsələlər barədə təkliflərini 6 avqust saat 18:00-dək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

 

Xəbərlər şöbəsi

Gündəm