Azərbaycanın bank xidmətlərində yenilik: 7/24 sisteminə keçilir
12.08.2020 08:19 Maliyyə İqtisadiyyat

Azərbaycanın bank xidmətlərində yenilik: 7/24 sisteminə keçilir

 Mərkəzi Bank tərəfindən reallaşdırılan Ani Ödənişlər Sistemi (AÖS) pilot rejimində istismara verilib. 

Mərkəzi Bankdan “MediaPost”a  bildirilib ki, Milli Ödəniş Sistemi infrastrukturunun əsas komponentləri dünyada qəbul olunmuş iş prinsiplərinə uyğun olaraq təsdiq edilmiş reqlament çərçivəsində (09:00-17:00 intervalında) fəaliyyət göstərir. Lakin, müasir dövrün əsas çağırışı ödəniş xidmətlərinin hər yerdə, hər zaman əlçatan olması və əməliyyatlar üzrə hesablaşmaların ödənişlərin həyata keçirildiyi anda başa çatdırıla bilməsidir.

AÖS fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verəcək. AÖS-ün istismara verilməsi rəqəmsal ödənişlərin effektivlik səviyyəsini yüksəldəcək, o cümlədən iştirakçılar üçün likvidliyin dərhal təmin olunmasına şərait yaradacaq.

Hazırda AÖS platformasında 13 bank və Dövlət Xəzinədarlığı Agentliyi üzrə inteqrasiya işləri tam başa çatdırılmış və pilot rejimində “B2B”, “C2C” (“Biznesdən biznesə”, "Müştəridən müştəriyə") tipli ödənişlərin həyata keçirilməsi təmin olunub.

AÖS-ün əhatəliliyinin genişləndirilməsi məqsədilə yeni bankların sistemə inteqrasiyası, eləcə də istifadəçilər üçün mərhələli şəkildə funksionallıqların artırılması istiqamətində işlər davam etdirilir. Cari ilin sonunadək sistemin kiçik təsərrüfat subyektlərinə QR kod, NFC kimi innovativ mobil həllərdən istifadə edərək nağdsız ödənişləri qəbul etmək imkanı verən funksionallıqları təqdim ediləcək. Eyni zamanda, Mərkəzi Bankın operatoru olduğu Hökumət Ödəniş Portalı üzərindən təqdim olunan 600-ə yaxın xidmət üzrə ödənişlərin AÖS vasitəsilə həyata keçirilməsi funksionallığı da cari ilin sonunadək istifadəyə veriləcək.

Xəbərlər şöbəsi

Gündəm