Azərbaycanın ən çox mal aldığı ölkələr: Son 5 ildə hansı ölkədən nə alınıb? -VİDEO
03.03.2021 14:37 İqtisadiyyat

Azərbaycanın ən çox mal aldığı ölkələr: Son 5 ildə hansı ölkədən nə alınıb? -VİDEO

Azərbaycanın idxal coğrafiyası və məhsulları ixracdan xeyli fərqlidir.

Hesablama apardığımız 2016-2020-ci illərdə Azərbaycanın ən çox mal aldığı və daim ilk beş ölkə arasında yer alan ölkələr Rusiya, Türkiyə, Çin  və ABŞ olub. 

Rusiya

Bu ölkə Azərbaycanın idxal əməliyyatlarında birinci sıradadır. 2016-2020-ci illərdə Azərbaycan Rusiyadan 9 mlrd dollardan çox məbləğdə məhsul alıb. Bu ölkədən illik idxalın məbləği 1,5 mlrd dollardan yüksəkdir. Bu illər ərzində ən çox idxal göstəricisi 2 mlrd 290 mln dollarla 2019-cu ildə, ən aşağı isə 1 mlrd 554 mln dollarla 2017-ci ildə qeydə alınıb.

Azərbaycanın Rusiyadan aldığı məhsul çeşidinə gəlincə isə bu, əsasən  qida məhsulları, spirtli-spirtsiz içkilər, sənaye avadanlıqları, bitki toxumları, tikinti materialları, 95 və 98 oktanlı benzin, dərman vasitələri, avtomobil hissələri, mebel və digər məhsullardır.

Rusiyadan ən çox alınan məhsullardan biri də buğda növləridir. Məsələn, 5 il ərzində 1,1 mlrd dollardan çox məbləğdə təkcə yumşaq buğda və meslin idxal olunub.

Türkiyə

Son beş ildə ixracda olduğu kimi idxalda da Türkiyə ikinci sıradadır. Bu ölkədən idxal məhsullarının məbləği son 5 ildə 7 mlrd dollardan yüksək olub. 2016-2019-cu illərdə idxal həcmində artım dinamikası müşahidə olunub. Son 5 ildə ən aşağı idxal  1 mlrd 181 mln dollarla 2016-cı ildə, ən yüksək isə 1 mlrd 646 mln dollarla 2019-cu ildə qeydə alınıb.

Türkiyədən idxal məhsullarının məbləği az olsa da çeşidi Rusiyadan çoxdur. Azərbaycan bu ölkədən ən çox yeyinti məhsulları, meyvə-tərəvəz, tibbi ləvazimatlar, dərman preparatları, mebel, geyim, zinət əşyaları, sənaye məhsulları, məişət texnikası, tikinti materialları və digər bir çox növdə məhsul alıb.

Çin

2016-2020-ci illərdə Azərbaycanın ən çox məhsul aldığı üçüncü ölkə dəyişməz olaraq Çin olub. Bu illər ərzində idxal məhsullarının məbləği 5,6 mlrd dollardan yüksək olub. Çindən də idxal dəyərində 2020-ci ilədək artım dinamikası müşahidə edilib, ötən il isə 1,3% azalma olub. Ən aşağı idxal göstəricisi 704 mln dollarla 2016-cı ildə, ən yüksək isə 1 mlrd 432 mln dollarla 2019-cu ildə qeydə alınıb.

Çindən idxal çeşidi də qida məhsulları, müxtəlif bitkilər, kimyəvi məhsullar, geyim, tibbi avadanlıqlar, dərman vasitələri, sənaye avadanlıqları və digər məhsullardır.

 ABŞ

Azərbaycanın ən çox məhsul aldığı ilk beş ölkədən biri də ABŞ-dır. Son beş ildə bu ölkədən alınan məhsulların dəyəri 3 mlrd dollardan yüksəkdir.  ABŞ-dan Azərbaycana ən aşağı idxal göstəricisi 472 mln dollarla 2016-cı ildə, ən yüksək 768 mln dollarla 2019-cu ildə qeydə alınıb.

ABŞ-dan ən çox neft sənayesində istifadə olunan avadanlıqlar, qara metal, avomobillər, onların hissələri, tibbi avadanlıqlar və digər məhsullar alınıb. Bu ölkədən müxtəlif qida məhsulları da idxal edilir. Məsələn, ötən il 15 mln dollardan çox məbləğdə qarğıdalı yağı gətirilib.

Digər ölkələr

Qeyd olunan ölkələrdən başqa, Böyük Britaniya, Ukrayna, Almaniya, İsveçrə kimi ölkələr də müxtəlif illərdə ən çox mal alınan beş ölkə arasına daxil olub.

Böyük Britaniyadan ərzaq məhsullarından sənaye məhsullarına, məişət adavanlıqlarına qədər çoxçeşidli məhsul idxal olunub. Məsələn, 2016-cı ildə 1 mln 829 min dollar məbləğdə viski alınıb.

İsveçrədən idxal göstəricisində ən yüksək məbləğ 1 mlrd 223 mln dollarla 2019-cu ildə qeydə alınıb. Həmin ildə bu həcmin 1 mlrd 97 mln  dollardan çox hissəsi qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftillər və profillər, lövhələr, təbəqələr və digərlərinin payına düşüb. Azərbaycan həmin ildə İsveçrədən 39 mln dollardan çox məbləğdə 10 ədəd vaqon da alıb.

Günel Abbasova

Xəbərlər departamenti

Gündəm