Azərbaycanlı fermerlərin Avropaya soğanı neçəyə satdıqları bəlli olub - MÜSAHİBƏ
17.04.2020 07:51 İqtisadiyyat

Azərbaycanlı fermerlərin Avropaya soğanı neçəyə satdıqları bəlli olub - MÜSAHİBƏ

Bərdədə payızlıq soğanın yığımı başlayıb. Odur ki, “MediaPost” vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün “Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyası”nın sədri Vüqar Babayev ilə müsahibə edib. Assosiasiya sədri bu il ölkədə soğanın neçəyə olacağını və Azərbaycandan hansı ölkələrə soğan ixrac elədikləri barədə danışıb. Sədrin dedikləri barədə daha ətraflı “MediaPost”müsahibəsindən tanış ola bilərsiniz.

- Nə qədər soğan əkmisiniz və nə qədər məhsul satmağı planlaşdırırsınız?

- İstənilən qədər xaricə mal satmaq imkanımız var. Hazırda Bərdə rayonu ərazisində 890 hektar soğan əkilib. Azərbaycanda 3 növ soğan istehsal olunur. Payızlıq soğan və qışda, yazda səpilən soğanlar. Əsasən, Qarabağ və Aran zonasında payızda və yazda soğan əkilir. Payızda əkilən soğanların yığımına aprel-may aylarında başlanılır. Bu ayların sonuna qədər soğan yığılıb başa çatmalıdır. Çünki payızda əkilən soğan yaya qalmır. Soğan yaya qalanda xarab olur. Amma yazda əkilən soğan avqust sentyabr aylarına qədər torpqada qala bilir. Bərdədə əsasən payızlıq soğan əkilir. Həmçinin payızlıq soğan az miqdarda Beyləqan və Ağdamda yetişdirilir.

- Payızlıq soğanın başqa soğanlarla fərqi nədədir?

- Payızlıq soğanın dadında və keyfiyyətində digər soğanlarla fərqli heç nə yoxdur. Qışda anbarlara vurulan soğanlar yazda əkiləndir. Bunu Bərdədə becərmirlər. Bu soğanlar əsasən Ağcəbədi, Ağdam, Beyləqan zonasında əkilir.

- Gözləntiniz necədir? Bu il nə qədər soğan yığa biləcəksiniz?

- Ötən illə müqayisədə bu il 100 hektar artıq soğan əkilib. Amma məhsuldarlıq ötən illə müqayisədə bəzi sahələrdə azdır. Səbəb isə iqlim şəraiti ilə əlaqəlidir. Qış çox quraq keçdi. Ona görə, bəzi sahələrdə məhsuldarlığa təsir etdi. Bu da səpin ilə əlaqədardır. Toxum səpininə tez başlanılan sahələrdə demək olar ki, məhsulun hamısı xarab olub. Bərdədə faraş soğanın yığılmasına yeni başlanılıb. İki gün ərzində təxminən 200 tona yaxın soğan yığılıb. Bu məhsul da daxili bazara göndərilib. Gözləntimiz odur ki, bu il 40 min ton soğan yığacağıq.

Azərbaycanlı fermerlərin Avropaya soğanı neçəyə satdıqları bəlli olub – Ən çox bu xüsusiyyətə fikir verirlər

- Hansı ölkələrə və neçəyə soğan satmağı planlaşdırırsız?

- Yeni yığılan soğandan az miqdarda Rusiyaya göndərmişik. Bu yoxlama məqsədi ilə edilib. Bilmək istəyirik ki, Rusiya bazarının tələbi nə qədər olacaq.

Dəllallar gəlib məhsulu bizdən alıb Rusiyaya aparırlar. Sonuncu dəfə kiloqramını topdan satış olaraq 44 qəpikdən alıblar. Hazırda yığılan soğanın yerli bazarda satışı azərbaycanlı fermerə sərf etmir. Çünki bizdə məhsul o qədər kütləvi şəkildə çıxacaq ki, ucuz olacaq. Lakin Rusiyada, Gürcüstanda, Moldovada, Bolqarıstanda, Polşada Ukraynada indi soğan yoxdur. Ona görə, bu ölkələrə məhsul ixrac etmək fermerə sərf edir. Bizdə isə qısa bir zamanda soğan bazarda bol olacaq. Əsas odur ki, burdan o ölkərə daşınmasına , ixracına köməklik olunsun. Keçən il dövlət tərəfindən yardım edildi. Camaatın məhsulu sahələrdə qalmadı. İnanıram ki, bu il də bizə yardımçı olacaqlar.

Keçən il Bərdədən 35 ton faraş soğan satılmışdı. Onun 25 min tonu xarici ölkələrə göndərilmişdi. Həmin zaman soğanın ən aşağı topdan satış qiyməti kiloqramı 33 qəpik, ən maksimal isə 62 pəqik idi.

- Soğanın maya dəyəri neçəyə başa gəlir?

- Bu il mineral gübrələrin və toxumların qiymətində artım olub. Ona görə, bu il məhsulun maya dəyəri bir qədər baha başa gəlib. Keçən il soğanın hər kiloqramının maya dəyəri 28-29 qəpik idi. Bu il bu xərc 38 qəpikdir. Soğan kənd təsərrüfatı məhsullarının içində ən çətin becərilən məhsuldur. Çünki burada əsasən əl əməyindən istifadə olunur. Texniki avadanlıqdan istifadə etmək mümkün deyil. Çünki soğana ziyan vurur.

Bizim fikrimiz var ki, yerli bazarda parakəndə satış yerlərinin soğanı 50 qəpikdən yuxarı satmasına imkan verməyək. Qeyd edim ki, 10 gün bundan qabaq soğanın qiyməti kiloqramı 1,80 manata qədər qalxmışdı.

Həmin dövrdə soğan Azərbaycana Rusiyadan idxal olunurdu. Bunlar Rusiyanın Krasnodar, Kuban, Vladiqafqazdakı anbarlarından gətirilir. Onların da iqlimi bizim iqlimə uyğun olduğuna görə, az miqdarda soğan yetişdirib saxlaya bilirlər. Biz həmin dövrdə soğanı 1,05 manata idxal etmişik. Fermerlərə sərf edir ki, gəlib qapılarından 50-55 qəpikdən alıb aparsınlar. Faraş soğan may ayının axırına qalsa, xarab olacaq. Ona görə, həmin dövrə qədər soğanı satıb bitirməliyik. Yazlıq əkilən soğanı saxlamaq olur. Onu oktyabra qədər də saxlamaq olar. Ehtiyat anbarlarımız yoxdur. Saxlama kameraları var. Amma özəldirlər. Anbarlar da azdır. Ona görə, saxlama qiyməti də bahadır.

Azərbaycanlı fermerlərin Avropaya soğanı neçəyə satdıqları bəlli olub – Ən çox bu xüsusiyyətə fikir verirlər

- Karantin satışlarınıza təsir edib?

- Bəli, təsiri var. Satışlarımız azalıb. Azərbaycanda bütün kafelər və restoranlar bağlıdır. Şadlıq evləri, işləmir. Toy yoxdur. Xeyir işlərin hamısı dayanıb. Həmçinin otellər də fəaliyyətlərini dayandırıb. Əvvəl bu sadaladığım yerlər çoxlu həcmdə kənd təsərrüfatı məhsulu alırdılar. İndi isə işləri dayandığından heç nə almırlar. Bazarda durğunluqdur.

- Hansı ölkələrə məhsul satmaq istəyirsiniz?

- Keçən il bizdən məhsul alan sahibkarlarla mütəmadi əlaqələrimiz olur. Onlar bizim bazarı öyrənirlər. Biz də onların bazarını öyərinirik. Hazırda Ukrayna, Gürcüstan, Rusiya, Moldova, Polşa, Bolqarıstandan sifarişlər var. Ancaq bu ölkələrə də gərək istədikləri səviyyədə mal verəsən. Onlar daha çox vitrin görünüşü olan mallara üstünlük verirlər.

- Soğan əkilən təsərrüfatlarda nə qədər adam çalışır?

- Bizim təsərrüfatlarda təxminən minə yaxın insan çalışır. Hər bir fermer 6-7 ay müddətində yüzlərlə kəndli işlədir. Bu müddət ərzində sahənin təmizlənməsi, gübrələnməsi və məhsulun yığılmasına işçilər cəlb olunur. Burada elə ailə var ki, həmin ailədən 3-4 nəfər gəlib işləyir. Hər axşam evlərinə 60-70 manat pul aparılar. Biz kəndlinin işlədiyi müqabilində pul veririk. Hər yığılan kisəyə görə 1 manat verilir. Hər kəs gördüyü işin müqabilində pul alır. 100 kisə yığana 100 manat veririk. Kisələr 28 kq, 32 kq, 35 kq,38 kq və 40 kiloqramlıq olur. Bəzi ölkələr böyük həcmli kisələrlərin sifarişini vermir. Misal olaraq Avropa ölkələri nisbətən balaca kisələrdə mal alırlar. Çünki onlar bu məhsulu birbaşa marketlərə aparırlar. Amma Rusiyada məhsul topdan satış mərkəzlərinə aparıldığına görə, böyük kisələrdə soğan sifariş olunur.

Azərbaycanlı fermerlərin Avropaya soğanı neçəyə satdıqları bəlli olub – Ən çox bu xüsusiyyətə fikir verirlər

Xəbərlər departamenti

Gündəm