Azərbaycanlı tələbə xərçəng xəstəliyinin dərmanını tapa bilər - VİDEO
21.04.2020 11:45 Təhsil

Azərbaycanlı tələbə xərçəng xəstəliyinin dərmanını tapa bilər - VİDEO

Elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi azərbaycanlı gənc Aslan Mansurovdur. O, hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. A.Mansurov elmi qrupunun rəhbəri Ceffrey Hubbell bioloji materiallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. C.Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

“MediaPost” xəbər verir ki, Aslan Mansurovun sözlərinə görə, "Minnesota" kimi prestijli universitetedə təhsil aldığı üçün SOCAR-a minnətdardır: “SOCAR-ın xarici təqaüd hesabına mən Amerikada bakalavr təhsilini başa çatdırdım və hazırda elmi işlərimi aparıram. Bu layihəmizə gəlincə isə onu deyə bilərəm ki, bədən və özəlliklə də immun sistemi o qədər mürəkkəbdir ki, onu təkcə riyazi qanunlarla izah etmək olmur. Çoxlu tətqiqat aparmalısan və s. Ümumiyyətlə, biologiyaya, təbabətə çox böyük həvəsim var idi. Fikirləşdim ki, kimya mühəndisi olaraq bu xərçəng xəstəliyində nə kimi yeniliklərə imza ata bilərəm. Artıq molekulyar mühəndislik fakültəsinə qəbul olandan sonra burada professorlarla əlaqədə idim və onlardan biri məhz Ceffrey Hubbell idi. Hansı ki, hazırkı elmi rəhbərimdir. Onun laboratoriyasından çox xoşum gəlmişdi. Çünki o, immunilogiyanı məhz kimya mühəndisliyi kimi öyrənirdi. Biz siçanlar üzərində işləyirik. Bildiyiniz kimi, siçanla insanın bədəni çox bənzərdir. Əsasən də immun sistemi. Hardasa 90% bənzərlik var. Siçanlarda bir sıra xərçəng xəstəlikləri mövcuddur. Mənim son araşdırmamda biz elə siçanlardan istifadə etmişdik ki, onların dəri, süd vəzi və ağciyər xərçəngi var idi. Bu xərçəng modelləri insanlarda olan onkoloji xəstəliklərə çox bənzəyirlər. Əgər siçanlar üzərində tətbiq etdiyiniz preparatların yaxşı təsirini görə bilirsinizsə, insan üzərində bunun potensialı çox böyükdür”.

Aslan Mansurovun sözlərinə görə, bu preparatın tətbiqi üçün hazırda bir sıra həkim və kliniklarla danışıqlar aparılır. Azərbaycanlı gənc alim qeyd edir ki, 1-2 ilə bu preparatı tam öyrənəndən sonra pasiyentlərində yoxlamaq olacaq: “Bizim işlədiyimiz zülal interlikin-12-dir (IL-12). Ağ qan hüceyrələri olan T limfosidlərinin belə bir xassəsi var ki, onlar xərçəng hüceyrələrini axtarıb yüksək effektivliklə öldürə bilir. Amma xərçəng insanın bədənində yayılanda T limfosidləri bir az passiv olurlar. Xərçəng hüceyrələrini yaxşı tapa və öldürə bilmirlər. Xərçəng hüceyrələri bizim bədənimizdə hər saniyə yarana bilər. IL-12 molekulu məhz T limfosidlərini aktivləşdirir. Onları passiv vəziyyətdən aktiv vəziyyətə gətirir. Bir növ orqanizmə göstəriş verir ki, xərçəngi tap və öldür. Bu layihəyə çox böyük diqqət yetirilir. Elmi rəhbərim layihənin çox böyük potensiala malik olduğunu bildirir”.

Qeyd edək ki, A.Mansurov 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. O, 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.

Xəbərlər departamenti

Gündəm