Xərçəngə qarşı dərman hazırlayan azərbaycanlı alim - FOTOLAR
14.04.2020 08:43 Təhsil

Xərçəngə qarşı dərman hazırlayan azərbaycanlı alim - FOTOLAR

ABŞ-ın Çikaqo Universitetinin (University of Chicago) alimləri xərçəngə qarşı yeni immunopreparat hazırlayıblar.

"MediaPost" xəbər verir ki, immunoterapiya bədənin ağ qan hüceyrələrini, əsasən də T limfositlərini, xərçəngə qarşı aktivləşdirən innovativ müalicə növüdür.

İnterlikin-12 (IL-12) T limfositlərinin böyümə və differensiyasına səbəb olan zülaldır və xərçənglə mübarizədə böyük potensiala malikdir. Lakin bu zülalın bir sıra yan təsirləri mövcud olduğundan insanlarda tədbiqi mümkünsüz idi. Alimlər IL-12 zülalını genetik yolla dəyişdirib, onu sağlam orqanlara deyil, məhz xərçəng hüceyrələrinə yönəltməyə nail olublar.

Bu texnologiya IL-12 zülalının effektivliyini qat-qat artırıb, yan təsirlərini tamamilə aradan qaldırıb. Bu tədqiqat biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri olan "Nature Biomedical Engineering" jurnalında çap olunub.

Azərbaycanlı tələbənin məqaləsi məşhur jurnalda dərc edilib - FOTOLAR

Öncəki tədqiqatlarda bu immunopreparat toksikliyinə görə, birbaşa şiş nahiyyəsinə yeridilirdi. Bu isə xərçəng xəstələri üçün bir sıra fəsadlara gətirib çıxarırdı. Yeni tədqiqatda IL-12 molekulu qan dövranı sisteminə (venadaxili) yeridilib, xərçəng hüceyrələrinə yüksək effektivliklə təsir göstərir və həmçinin, IL-12 immunopreparatının toksikliyini dəfələrlə azaldır.

Alimlər qeyd olunan molekulu bir il ərzində müxtəlif xərçəng növləri (dəri, süd vəzi, ağ ciyər) daşıyan siçanlarda yoxlayıblar və müalicəni alan sıçanların böyük hissəsi xəstəlikdən tamamilə sağalıb. Digər tərəfdən, xərçəngə qarşı ənənəvi mübarizə yollarından olan kimyəvi və şüa terapiyaları eyni xərçəng növlərini daşıyan sıçanlarda heç bir təsir göstərməyib. Bu, tədqiqatçıların hazırladığı immunopreparatın standart müalicələrdən üstün olduğunu göstərir. Elmi qrupun üzvləri yaxın zamanda IL-12 preparatını insanlarda yoxlanılması barədə öz planlarını açıqlayıblar.

Elmi təcrübələri yerinə yetirən və məqalənin birinci müəllifi həmyerlimiz Aslan Mansurovdur. A.Mansurov hazırda Çikaqo Universitetinin molekulyar mühəndislik fakültəsinin doktorant tələbəsidir. Onun elmi qrupunun rəhbəri Ceffrey Hubbell bioloji materiyallar və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. C.Hubbell ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur.

A.Mansurov 2013-cü ildə “Qafqaz” Gimnaziyasını qızıl medalla bitirib. O, 2017-ci ildə ABŞ-ın Minnesota Universitetinin (University of Minnesota) kimya mühəndisliyi dərəcəsini fərqlənmə ilə bitirib və hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunda (Pritzker School of Molecular Engineering) doktorantdır.

Xəbərlər departamenti

Gündəm