Azərbaycanlılar Almaniyada maşınları alıb stoka yığırlar
27.04.2020 07:50 İqtisadiyyat

Azərbaycanlılar Almaniyada maşınları alıb stoka yığırlar

Koronavirus pandemiyası bütün dünyada avtomobil sənayesinə mənfi təsir edib. Belə ki, bu təsir yalnız yeni maşın istehsalına deyil, həmçinin ikinci əl maşınların qiymətinə də təsirsiz ötüşməyib. Bütün dünyada avtomobil bazarında tələbin azalması, avtomobil istehsalçılarını çətin vəziyyətə salsa da, bəzilərinin əksinə, işinə yarayıb.

“MediaPost” xəbər verir ki, bunu Almaniyada avtomobil ticarəti ilə məşğul olan Rəşad Quliyev bildirib.

Onun sözlərinə görə, avtomobil satışları məlum hadisədən hələ öncə də çox zəif idi: “Artıq bir aydan çoxdur ki, yollar bağlı olduğundan Azərbaycana avtomobil gəlmir. Status-kvo dəyişdikdən sonra yavaş-yavaş idxal yaranacaq. Lakin əsas tələbatın bazarda - ölkədaxili istifadədə olan avtomobillərə (qiymət ucuzluğuna görə) olacağı gözlənilir. Avropada da vəziyyət eynidir. Adətən, Avropa bazarında avtomobillərin satış qiymətində azalma heç vaxt müşahidə edilmirdi. Çünki bazar stabil qiymətlər üzərində qurulmayıb. Kimisi dəyərindən ucuz, kimisi isə istədiyi qiymətə avtomobilini satışa çıxarırdı. Lakin araşdırmalarım əksini göstərdi. Belə ki, Azərbaycan üçün ixrac etdiyimiz avtomobillərin qiymətində xeyli ucuzlaşmanın şahidi oldum. Hər halda yuxarıda qeyd etdiyim kimi bu, satışların tamamilə dayanmasından irəli gəlir. Çünki Avropa avtomobil bazarını lori dil ilə desək Qafqaz və Asiya ölkələri "oynadır". Almanların heç maraq göstərmədiyi avtomobillər əsasən Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna və Qazaxıstana satılır. Mövcud vəziyyətdə isə yolların bağlı olması və ölkə daxilində bu kimi avtomobillərə marağın olmaması ucuzlaşmaya səbəb olur”.

Rəşad Quliyevin sözlərinə görə, avtomobil dəllalları yaranmış vəziyyətdən maksimum faydalanmaq qərarına gəliblər: “Avtomobil alqı-satqısı ilə məşğul olanlar "biznes riski sevir" devizi ilə bir çox yollara əl atırlar. Yaranmış vəziyyətdən istifadə edərək, satış məqsədilə avtomobilləri ucuz alıb yerləşdiyi ölkədə müvəqqəti olaraq "stock" kimi saxlayırlar. Yollar açıldıqdan sonra Azərbaycana idxal edərək müəyyən bir qiymətə satışa çıxarılacaq və ya hazırda gəmi ilə yük daşımalar işlədiyindən, yüklər (avtomobillər) Almaniyadan Gürcüstanın Batumi və Poti limanına göndərilir. Bu vəziyyətdən isə ən çox Gürcülər yararlanır. Başqa bir yol isə yük dolu avtomobil ilə bağlı sərhədlərdən keçməkdir. Satış üçün aparılan böyük TIR-lar qida məhsulları ilə yüklənir. Belə olan halda qida dolu yük avtomobili bağlı sərhədlərdən asanlıqla keçir. Avtomobil biznesi ilə məşğul olan şəxs həm satışa apardığı yük avtomobilindən qazanır, həm də içərisində olan qida məhsullarını satışa çıxarır. Üstəlik, yol xərcinə də xeyli qənaət etmiş olur. Neftin qiymətinin aşağı düşməsi Avropada yanacağın da ucuzlaşmasına səbəb olub. Bir neçə ay öncə Almaniyada benzinin 1 litrinin qiyməti 1.40 avro, dizelin isə 1.30 avro olduğu halda, hazırda benzinin qiyməti 1.15 avro, dizelin isə 1.00 avro civarında dəyişir. Təbii ki, bu da öz növbəsində yük daşımalarda yanacaq xərcininin azalmasına gətirib çıxarır”.

Xəbərlər departamenti

Gündəm