"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb - Ekspertdən ŞƏRH
16.09.2023 10:50 Energetika

"Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb - Ekspertdən ŞƏRH

Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1,8 dollar və ya 1,8% artaraq 100,53 ABŞ dolları təşkil edib. Ötən gün Azərbaycan nefti dünya bazarında 98,73 ABŞ dollarına ticarət edilib.

Neft sahəsi üzrə ekspert İlham Şaban “MediaPost”a bildirib ki, “Brent” markalı neftlə 100 dollardan baha qiymətə satılan Azərbaycan neftinin arasında olan fərq əsas fərq onun xərcləri ilə əlaqəlidir.

Onun sözlərinə görə, Azərbaycan neftinin bir barelinin qiymətinin 100 dollardan baha satışı dünya bazarında hər hansı bir marka neftin bu qiymətə satılması anlamını vermir:

alt text

“Bu gün London birjasında “Brent” markalı neft 94 dollardan bir qədər baha qiymətə satılır  və  Azərbaycan nefti ilə onun arasındakı fərq əsasən daşıma, tankerə vurulma, alıcıya çatdırılma məntəqəsində təhvil vermə xərclərini, o cümlədən çatdırılma müddətində xam neftin hər hansı bir fors major hallarından sığorta xərclərini özündə ehtiva edir. Bunlar SİF qiymətlərdir, ancaq dünyada real olaraq neft markalarının qiyməti FOB qiymətlə göstərilir, buna görə də qiymətlərlə bağlı ajiotaja düşməyə ehtiyac yoxdur”.

Ekspert məsləhət görüb ki, Azərbaycanın neftini satan şirkətlər məhz neftimizin FOB qiymətlərini göstərsinlər və  Azərbaycan Dövlət Neft Fondu rübdə bir dəfə  fonda mənfəət nefti satılandan sonra gələn bütün xərcləri, hətta maliyyə xərcləri çıxılandan sonra olan real qiyməti açıqlasınlar:

“Onlar, təəssüf ki, bunu etmirlər, ancaq ildə bir dəfə özlərinin audit olunmuş illik hesabatlarında qiymətləri göstərirlər və hamı o qiymətlərə baxır. Azərbaycan nefti heç də “Brent” markalı neftdən baha olmur, bəzi hallarda hətta ondan ucuz olur, məsələn ötən ilki kimi. Ümumi real qiymətə baxsaq, 94-95 dollar kifayət qədər yüksəkdir. Çünki Azərbaycanın cari ildəki büdcəsi 60 dollardan hesablanıb və hətta orta qiyməti cari il üçün 90 dollar olduğunu götürsək, bu, proqnoz göstəricilərindən 50 faiz çox deməkdir. Maliyyə Nazirliyinin açıqlamalarına diqqət yetirsək, neft hər barelinin orta qiymətinin 10 dollar yuxarı olması Azərbaycanın dövlət büdcəsinə 1.3-1.4 milyard manat daha çox vəsaitin gəlməsi deməkdir. Əgər bu, 30 milyard olsa, 4 milyard manatdan çox əlavə vəsaitin gəlməsi deməkdir. Bu isə cari ilin büdcəsi yolu ilə edilən proqnoza əsasən, 3 milyard manatdan çox büdcə kəsrinin hər hansı bir əlavə instrumentlərə əl atmadan məhz neftin hesabına bağlanııla bilməsi deməkdir”.

İlham Şaban əlavə edib ki, neftdən gələn qazanc artdığından hökumətin manevr imkanları artır, belə olduqda isə sosial yönümlü və ən əsası işğaldan azad edilmiş ərazilərin yenidən qurulması üçün vəsaitin təmin olunmasında cəsarətli addımlar ata bilər.

Sevinc İbrahimzadə

Gündəm