“Azərpoçt” bir neçə ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib
15.04.2020 09:21 İqtisadiyyat

“Azərpoçt” bir neçə ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa edilib.

“Azərpoçt”dan "MediaPost"a bildirilib ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar aparılaraq beynəlxalq poçt daşımaları barədə razılığa gəlinib.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Honqkonq, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Malaziya, Niderland, Norveç, Koreya Respublikası, ABŞ, Ukrayna, Rusiya, Türkiyə və Sinqapura beynəlxalq poçt göndərişlərinin qəbulu bərpa olunub. Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda, məlumatlar “azerpost.az” saytında yerləşdiriləcək.

Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

Xatırladaq ki, "Azərpoçt" MMC Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya qəbul olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırıldığı və mövcud reyslər təxirə salındığı üçün martın 16-dan beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırmışdı.

Xəbərlər departamenti

Gündəm