“Azərsığorta”da fotoşoplu şəklə 22 min ödəniş verilib? - Qurumdan açıqlama
23.02.2021 15:00 Maliyyə

“Azərsığorta”da fotoşoplu şəklə 22 min ödəniş verilib? - Qurumdan açıqlama

“Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün tanış qadının avtomobilini fotoşop proqramı ilə çox zədələnmiş kimi göstərərək külli miqdarda pulu şirkətin hesabından əldə etdiyi iddia olunur.

"MediaPost" xəbər verir ki, bu barədə mubahise.az özəl məlumat əldə edib.

Belə ki, X.Hətəmov “Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 nömrəli “Chevrolet Captiva” markalı avtomobil qəzaya düşüb. 

2020-ci il martın 1-də baş verən qəzada Ü.Məmmədova qayda pozuntusu edərək Alıyev Sərvan Baba oğluna məxsus “Toyota Prado” markalı 90 UF 094 nömrəli avtomobili vurub. Buna görə də Ü. Məmmədova barəsində Sabunçu rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İXP3122323 saylı prtokol tərtib edilib.

X.Hətəmov "Azərsığorta"nın filial müdiri olarkən hadisə baş verib, bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub. Həmin vaxt "qurma" hadisəyə ödəniş verilib. Ödəniş alan Ülviyyə Məmmədova isə hadisədən sonra baş ofisdə mühasib köməkçisi kimi işə qəbul olunub.

Qəza nəticəsində “Prado”ya dəyən ziyana görə Ü.Məmmədovanın avtomobilinin icbarı sığortasını həyata keçirən “Azərsığorta”nın hesabından S.Alıyevə 1370 manat ödəniş edilib. 
Bundan sonra isə Ü.Məmmədovaya məxsus “Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq təxminən 1000 manatlıq zərər 22 min manata kimi çıxarılıb. Ü.Məmmədovanın “Chevrolet”inin kasko sığortası da “Azərsığorta”da olub.

Guya fotoşopa baxıb qərar çıxaran X.Hətəmov buna görə şirkətin hesabında  işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.
Digər maraqlı məqam bundan ibarətdir ki, həmin müddətdə X. Hətəmovun xidməti fəaliyyətlə bağlı “Azərsığorta”ya 23 min manat debitor borcu olub. Lakin bu hadisədən sonra sehrli formada həmin borc ödənilərək bağlanılıb. Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə onun ardınca baş idarədə mühasib köməkçisi olub.

"MediaPost" məsələ ilə bağlı Xəyyam Hətəmovdan münasibət öyrənməyə çalışıb. O yayılan məlumatı təkzib edib və bildirib ki, bununla bağlı məhkəməyə müraciət edib. X. Hətəmov qısa zamanda məsələ ilə bağlı geniş məlumat veriləcəyini deyib. Sözügedən fotoşoplu fotolara gəlincə, X.Hətəmov bunun şantaj üçün alət olduğunu bildirib. 

Qeyd edək ki, Xəyyam Hətəmov hazırda "Azərsığorta"nın İdarə Heyətinin üzvüdür. Lakin "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən İdarə Heyəti üzvləri Mərkəzi Bankın müvafiq attestasiyasından keçməlidir. Hələlik bu prosedur da icra edilməyib.


Rahim Tarıverdiyev

Gündəm