Azyaşlını döyən müəllimi hansı cəza gözləyir? - Hüquqşünas açıqlayır
18.01.2020 13:32 Fikirlər

Azyaşlını döyən müəllimi hansı cəza gözləyir? - Hüquqşünas açıqlayır

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin verdiyi məlumata görə, hadisə ötən ilin dekabr ayında baş verib və həmin müəllim işdən azad olunub.

Sosial mediada biz bu cür hadisələrlə tez-tez qarşılaşırıq. Bəs azyaşlıya təzyiq göstərən müəllimləri qanun çərçivəsində hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən hüquqşünas Əlövsət Allahverdiyev bildirib ki, Ailə Məcəlləsinə görə, istər valideynlər tərəfindən, istər ictimai yerlərdə, təhsil müəssisələrində uşaqlara qarşı hörmətlə yanaşılmalı, düzgün tərbiyə olunmalıdır:

"Yəni uşaqların tərbiyə olunması hüquqda mövcuddur. Uşağa qarşı zor tətbiq etmək Uşaq Hüquqları Haqqında Konvensiyanın pozulması, həm də ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan qanunun müddəalarını pozmaq deməkdir. Əgər doğrudan da uşağa fiziki xəsarət yetirilibsə, zor tətbiq olunubsa, bunu təsdiq edən faktlar, ekspert rəyləri də varsa, onda əlbəttə, həmin müəllim cinayət məsuliyytinə cəlb oluna bilər. Ən yüngül halda tədrisdən uzaqlaşdırıla bilər. Bəzən biz müəllimin şagirdi danlamasını da böyüdürük. Yəni bir müəllimin şagirdi doğru yola çəkmək üçün onu danlaması normal qarşılanmalıdır. Lakin bu artıq tənbeh kontekstindən çıxıb şagirdin şəxsiyyətini alçaltmağa keçərsə, o zaman həmin müəllim barəsində ölçü götürülməlidir. Belə bir məqam da var, əgər azyaşlıya fiziki zor tətbiqi olunmayıbsa, o zaman müəllim inzibati qaydada cəzalandırıla bilər".

Hüquqşünas əlavə edib ki, azyaşlıya ciddi fiziki xəsarət yetirən müəllimin cəzası ekspert rəyindən sonra dəqiqləşir:

"Yəni baxmaq lazımdır ki, müəllimin uşağa yetirdiyi xəsarətin ölçüsü nə qədərdir. Ola bilər ki, ona azadlıqdan məhrumetmə cəzası verilməz, hansısa müddət ərzində islah işlərinə cəlb oluna bilər".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm