Bağçaların bağlanması iş xanımlarının həyat tərzinə necə təsir etdi? - SORĞU
03.03.2020 08:52 Fikirlər

Bağçaların bağlanması iş xanımlarının həyat tərzinə necə təsir etdi? - SORĞU

Mütəxssislər bu virusun adi qrip virusu olduğunu bildirsələr də, ölüm təhlükəsinin olması insanları narahat edir. Artıq dünyanın bir çox ölkəsində virusa görə, universitetlər, bağçalar və məktəblər bir neçə günlük fəaliyyətini dayandırıb.

Ötən gün Azərbaycan Respublikası Təhsil Nazirliyi də ölkə ərazisində təhsil müəssisələrinin bir həftəlik bağlanması barədə qərar qəbul edib. Bu qərar təhlükəsizliyin qorunması üçün verilsə də, xüsusilə azyaşlı övladı olan xanımlar üçün əlavə problemləri də özü ilə bərabərində gətirə bilər.

Mövzu ilə bağlı bir neçə iş xanımı "MediaPost"a açıqlama verib.

aynur camal ile ilgili görsel sonucu

"Teleqraf Holdinq"in rəhbəri Aynur Camal bildirib ki, əgər belə bir təhlükə varsa, təbii ki, övladlarımızı bütün mümkün risklərdən qorumalıyıq:

"Məktəblərin bağlanması ilə bağlı Nazirlər Kabinetinin qərarını doğru sayıram. Qonşuluğumuzdakı əksər dövlətlərdə də təhsil ocaqlarında dərslər dayandırılıb. Amma mənə qəribə gələn odur ki, dünənə kimi Təhsil Nazirliyini adekvat addımlar atmamaqda ittiham edən insanlar indi də məktəblərin müvəqqəti bağlanması qərarından narazıdırlar. Axı bu, sıradan bir vəziyyət deyil. Bütün dünya koronavirus təhlükəsindən qorunmağın yollarını arayırsa, bizdə də qabaqlayıcı tədbirlər görülməlidir. Amma təəssüf ki, bir çox hallarda dövlətin bu yöndə verdiyi qərarlar, atdığı addımlar təqdirlə qarşılanmır. İndi də "məktəblər, bağçalar bağlandı, uşaqlarımızı kimin yanında qoyub işə gedək?" tipli narazılıqlar səsləndirilir. Məncə, müvəqqəti çətinlikdir və çıxış yolları da var. Əminəm ki, işləyən qadınların işləməyən, evdar qohumları, tanışları təmənnasız olaraq bu işdə onlara dəstək verə bilərlər. Çünki bu, fərdi məsələ deyil. Ümumi problemdir və bu cür situasiyalarda əl-ələ verərək çıxa bilərik. Burada əsas diqqət uşaqların qorxulu viruslardan qorunmasına yönəlməlidir. İşdən evə gedən valideynlər, xüsusən də ictimai nəqliyyatdan istifadə edənlər azyaşlılarla ünsiyyətdən çəkinməli, yuyunmadan onlara yaxın getməməlidirlər. Və eyni zamanda kütləvi tədbirlərdən, insanların çox olduğu yerlərə getməkdən, uşaqları elə yerlərə aparmaqdan çəkinməlidirlər. Hər bir çətinliyin, kütləvi yayılan xəstəliklərin, virusların ömrü var. İmmunitetli cəmiyyətlər belə çətinliklərin öhdəsindən gələ bilir. Sadəcə, koronavirusdan qorunmağın yolları ilə bağlı daha çox oxumaq, öyrənmək, bilməyənləri də öyrətmək, maarifləndirmək lazımdır. Vəziyyət qorxulu deyil. Əgər qaydalara əməl etsək, təbii ki. Gəzintiləri, istirahəti, insanlarla ünsiyyəti təxirə sala bilsək, hər şey keçib gedəcək. Narahatlıq üçün əsaslar olsa da, unutmayaq ki, dünyada hər il qrip və pnevmoniyadan daha çox insan həyatını itirir. Koronavirusdan ölənlərin sayı, bu xəstəlikdən müalicə olunaraq sağalanların sayından azdır. Bunun özü belə pozitiv olmaq üçün yetərlidir".

Bağçaların bağlanması iş xanımlarının həyat tərzinə necə təsir etdi? - SORĞU

Bloger Vəfa Ali qərarın azyaşlı övladı olan xanımlar üçün problem yaradacağını bildirib:

“Bağçaların bağlanması ilə bağlı qərar verilsə də, analar üçün heç bir güzəşt olunmadı. Belə çıxır ki, işə gedən analar uşaqlarını da özü ilə aparmalıdır. Bu, böyük riskdir. Və ya öz hesabına tətil götürməlidir, bu da əlavə xərcdir. Üstəlik, bu virus uşaqlar üçün risk təşkil etmir. Əslində, virusun bağça uşaqları arasında yayılma riski çox aşağıdır. Bağçaların bağlanması sadəcə əlavə panikadır”.

Təhsil müəssisələrinin bağlanmasına iş xanımlarından münasibət - SORĞU

Məsələyə münasibət bildirən jurnalist Leyla Sarabi belə hallarda işləyən xanımların nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Əslində, bu durumda dövlət işləyən anaları da nəzərə almalıdır. Belə qlobal addımlar atılanda azyaşlıların valideynlərinə də müəyyən güzəştlər olunmalıdır. Mənim işim onlayn media ilə bağlı olduğu üçün məkanından, zamanından asılı olmayaraq, fəaliyyətimi davam etdirirəm. Çəkilişlər, müsahibələr zamanı isə oğlum nənəsinə əmanətdir”.

Banklardan birinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini Şahnaz Həsənova da mövzu ilə əlaqədar açıqlama verib. O bildirib ki, məktəbələri bağlayıb, iş yerlərinin bağlamamaq disbalans yaradıb:

"Məktəblər risk qrupuna daxil olsa da, bağça yaşlı uşaqlar üçün virus çox böyük təhlükə təşkil etmir. 0-10 yaş qrupu üçün virusdan ölüm riski yox dərəcəsindədir, 10 yaşdan başlayaraq artıq virus risk təşkil etməyə başlayır. Təhsil ocaqlarının bağlanması işqüzar xanımlar üçün problem yaradıb. İndi mən uşağı qoya biləcəyim yeri çətinliklə tapmışam. Bu qərar mənim üçün çətinlik yaratdı. Bütün iş yerləri bağlanmalı idi, çünki yaşı çox olan insanlar üçün virus daha təhlükəlidir. Uşaqlar evdə durmurlar, gəzmək istəyirlər, bu zaman valideynlər övladlarını insanların çox olduğu yerlərə aparmaq məcburiyyətində qalır. Bu, daha təhlükəlidir".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm