Bağlı profilləri açan “Ghosty” proqramı: "Tətbiqdən istifadə edənlər həbs oluna bilər"
16.11.2019 10:42 Fikirlər

Bağlı profilləri açan “Ghosty” proqramı: "Tətbiqdən istifadə edənlər həbs oluna bilər"

Bir çox məşhur sosial platformalarda məxfiliklə bağlı tez-tez problemlər yaranır. Ən çox istifadəçiyə sahib platformalardan biri olan “Facebook”da da məxfiliyin pozulması ilə bağlı mətbuatda ara-sıra xəbərlər yer alır. Hətta bəzən bəzi proqramlar yaradılır ki, bunlar məhz sosial şəbəkə istifadəçilərinin gizli məlumatlarını əldə etmək üçün nəzərdə tutulub.

Bu cür yeni proqramlardan biri də “Ghosty” adlı mobil tətbiqdir. Bu proqram vasitəsilə İnstagramda bağlı hesablara daxil olub şəkil və videolara baxmaq və onları yükləmək mümkündür. Əlbəttə ki, bu, istifadəçi hüquqlarının ciddi şəkildə pozulmasıdır. İnstaqramın hələ də bu yeniliyə necə icazə verməsi bir müəmma olaraq qalır.

Məsələnin hüquqi tərəfi ilə bağlı hüquqşünasdan rəy almağa çalışdıq.

Bağlı profilləri açan “Ghosty” proqramı: Tətbiqdən istifadə edənlər həbs oluna bilər

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən vəkil Əlövsət Allahverdiyev bildirib ki, şəxsin icazəsi olmadan məxfi məlumatlarına daxil olunması qanunla yolverilməz haldır:

“Bir insanın telefon danışıqları, sosial şəbəkə hesablarında bir informasiyaya baxmaq, tanış olmaq, informasiyanı çıxarmaq qanunvericiliyə müvafiq olaraq hüquq pozuntusudur. Bunu edən şəxs tapıldıqda onun törətdiyi əmələ görə cəza müəyyənləşir. Bu cür proqramlarla şəxsi məlumatları əldə etmək kibercinayətkarlıq hesab olunur. Əgər istifadəçi bağlı profillərə daxil olub hər hansı bir əməliyyat aparırsa məsuliyyət daşıyır. Əvvəldə dediyim kimi, törətdiyi əməlin böyüklüyünə görə həbs oluna bilər və ya inzibati qaydada cəzalandırıla bilər. Fiziki şəxs tərəfindən gizli məlumatlar, həmçinin səs yazılarının qanunsuz toplanması, yayılması və ya başqasına satılması 100 manatadan-2000 min manatadək cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası deməkdir. Yox, əgər bu iş vəzifəli şəxs tərəfindən həyata keçirilirsə, 3 ilədək müddətə müəyyən vəzifətutma və müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə 2 ildədək müddətə azadlığın məhdudlaşdırılması və 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu cəza bütün şəxsi informasiyaların başqa bir şəxs tərəfindən ələ keçirilməsinə aiddir. Hətta buraya məsafədən idarə olunan aparatla müdaxilə etmək də aid edilir”.

Bağlı profilləri açan “Ghosty” proqramı: Tətbiqdən istifadə edənlər həbs oluna bilər

Mediapost.az məsələ ilə bağlı açıqlama verən İKT üzrə ekspert Elşad Yusifli bildirib ki, faktiki olaraq İnstaqram buna icazə vermir:

"Əvvəllər də belə tətbiqlər olub. Məsələn, telefonunda tətbiqi qururdun və görünürdü ki, başqaları sənin nömrəni hansı adlarla qeyd edib. Bunların hamısının işləmə metodu eynidir. Nə qədər çox adam yükləyirsə, o qədər çox data yığılır. İndi “Ghosty” proqamını da nə qədər çox adam quraşdırsa, bu tətbiq o qədər çox adamın profilinə icazə almış olur. Tutaq ki, mən bu tətbiqi telefonumda quraşdırdıqda qeydiyyatdan keçdiyim zaman mənim İnstaqram hesabımı istəyir. Qeydiyyatdan keçdikdən sonra isə bu tətbiq mənim dostlarımın datasına icazəsi olur. Nə qədər çox adam bu tətiqi qurmuş olsa, o qədər bağlı hesablara giriş imkanı genişlənir".

Mütəxəssis bir müddət sonra bu “Ghosty” tətbiqininin İnstaqram tərəfindən bloklanacağını düşünür.

Mövzu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən saytımıza bildirilib ki, beynəlxalq tətbiqlərin istifadəsinin qurumun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

Xəbərlər departamenti

Gündəm