Bakı hər şeyə hazır olmalıdır: "Qarabağda bir nəfər erməni qalsa da, Azərbaycanın gəlişinə müqavimət göstəriləcək"
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində qalan və rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə qalxıb. Yeni separatçıbaşı Samvel Şahramanyanı qəbul etməyən Samvel Babayan və tərəfdarları Xankəndinin mərkəzi meydanında aksiya keçiriblər. Aksiyada Samvel Şahramanyanla kəskin ziddiyyətdə olanlar hazırkı siyasətə etiraz olaraq, Ermənistana getmək istədiklərini bir daha elan ediblər. Şahramanyan isə Ermənistana gedənlərin qarşısını almaq üçün nəzarəti gücləndirmək barədə “tapşırıq” verib.
Bəs görəsən, ermənilərin Qarabağdan çıxması Azərbaycan üçün nə kimi dividentlər qazandırır?
Mövzunu "MediaPost"a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Qarabağda baş verən qarşıdurma Azərbaycanın maraqlarına cavab verir:
"Çünki rəsmi Bakı bu qarışıqlıqdan istifadə edib həmin ərazilərdə öz nəzarətini gücləndirə bilər. Amma bu qarşıdurmanın güclənməsi və Qarabağdakı ermənilərin, yaxud silahlıların oranı tərk etməsi, Azərbaycanın antiterror əməliyyatı keçirmədən Xankəndini nəzarətə götürəcəyi anlamına gəlmir. İstənilən halda Qarabağda bir nəfər erməni qalsa da, Azərbaycanın gəlişinə müqavimət göstəriləcək. Eyni zamanda Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatına görə, dünya dövlətlərinin diqqətini ora yönəldəcəklər. Amma ümumilikdə erməni silahlılarının və separatçıların oradan çıxması bizim üçün müsbət məqamdır. Bu məsələ dünyanın diqqətini Azərbaycanın müdaxiləsi olmadan Qarabağdakı proseslərə yönəldə bilər".
Politoloqun sözlərinə görə, Azərbaycan müəyyən qədər gözləməli və qarşıdurmanın güclənməsinə imkan verməlidir: "Yəni rəsmi Bakı boşluq yaratmalıdır ki, Qarabağdakı separatçılar arasında daxili çəkişmənin miqyası daha da böyüsün. Eyni zamanda Azərbaycan Ağdam-Xankəndi yolunun açılması istiqamətində öz fəaliyyətini gücləndirməli, Laçın dəhlizi vasitəsi ilə malların qanunlarımıza tabe olaraq keçməsini təşkil etməlidir. Həmçinin Ermənistanda getdikcə güclənən anti-Rusiya və anti-İran ovqatı Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirməsini şərtləndirir".