Bakı küçələrinin böyük təhlükəsi: “1 manatlıq” taksilər
04.01.2020 08:15 Fikirlər

Bakı küçələrinin böyük təhlükəsi: “1 manatlıq” taksilər

Onları xalq arasında “1 manatlıq taksilər” adlandırırlar. Bir məntəqədən digərinə 4 sərnişin götürərək gün ərzində bəlkə də onlarla reys edirlər. Təbii ki, daha çox qazanc əldə etmək arzusu isə kobud qayda pozuntuları, qəzalar, digərlərinə maneə yaratmaqla nəticələnir.

"MediaPost" xəbər verir ki, bir müddət əvvəl həmin sürücülərin fəaliyyətini məhdudlaşdırmaqla bağlı fikirlər səsləndirilsə də, bu sadəcə, söz olaraq qaldı. Hazırda yenə Bakı-Sumqayıt, eyni zamanda Bakıətrafı qəsəbələrə işləyən “manatlıq taksilər” öz işlərini davam etdirir. Təbii ki, əhalinin kasıb təbəqəsi üçün bu çox yaxşı fürsətdir. Çünki 1 manat ödəməklə mənzil başına daha rahat çatırlar. Amma...

Məsələ burasındadır ki, həmin sürücülər xüsusilə kobud qayda pozuntuları meyillidirlər. Səbəb isə aydındır. Daha çox reys etmək. Bu zaman əks istiqamətdə hərəkət etmək, qırmızı işıqdan keçmək, manevr qaydalarının pozulması adi hala çevrilib. 4 manat pul qazandıqları yolda 100 manatlıq qayda pozuntusu edirlər.

Hər gün şəhərdə bu cür taksi sürücülərinin sayı artmaqdadır.

Nəqliyyat eksperti Elməddin Muradlı "MediaPost"-a bildirib ki, bir manatlıq taksilərin həddən artıq çox olmasına səbəb avtobusların sayının az olması və intervalın düzgün tənzimlənməməsi ilə əlaqədardır:

Bakı küçələrinin böyük təhlükəsi: “1 manatlıq” taksilər

“Belə olduğu təqdirdə 1 manata işləyən taksilərə ehtiyac yaranır. Bu gün Bakı kəndlərindən şəhərə şəxsi maşını ilə işləməyə gələnlərin əksəriyyəti də axşam saatlarında kəndə qayıdarkən metronun çıxışında dayanaraq, sərnişin götürür. Təbii ki, bu da sıxlığı artırır. Amma bu vətəndaşa sərf edir. İşə, dərsə gecikməmək üçün 30 qəpiklik iki avtobus dəyişməkdənsə, birmanatlıq taksiyə üstünlük verir”.

Taksi sürücüləri ilə bağlı ən böyük problemlərdən biri də qəzalardır. Hər zaman tələsən sürücülər yolayrıclarına qırmızı işıqda daxil olur, yaxud əks istiqamətdə hərəkət edərək qəzalar törədirlər. Bəzən isə gün ərzində fasiləsiz işlədikləri üçün həddin artıq yorğunluq, iş və istirahət rejiminin pozulması da qəzalara səbəb olur. Nəticədə isə ağır fəsadlar ortaya çıxır. Həmçinin piyadaların vurulması ilə nəticələnən qəzalarda da “1 manatlıq” taksilərin payı az deyil.

Ən böyük problem isə həmin sürücülərin dayanma-durma qaydalarını pozmasıdır. Nəticədə tıxaclar yaranır. Xüsusilə “20 yanvar”, “Koroğlu” metrolarının yanında acınacaqlı vəziyyət var. Taksilər bəzən yolun ortasında dayanaraq sərnişin düşürür, yaxud mindirirlər.

Ekspert Elməddin Muradlı deyir ki, taksi sürücüləri həqiqətən sözügedən ərazilərdə biabırçı vəziyyət yaradıblar: “İkinci və üçüncü cərgəni zəbt edirlər. Elə şərait yaradırlar ki, dövlət qurumlarını onlar barədə tədbir görməyə məcbur edirlər. BNA (Bakı Nəqliyyat Agentliyi) isə öz işini görəndə hay-küy salırlar ki, bizi işləməyə qoymurlar. Axı dayanma-durma qaydalarını pozmaq, ikinci və üçüncü cərgədə dayanmaq olmaz.”

Ekspert hesab edir ki, taksi sürücülərinin fəaliyyətinə nəzarət olunmalıdır. “Dəfələrlə qeyd etmişik ki, dispetçer xidməti olmalı, taksi duracağı yaradılması, taksilərin fəaliyyəti nizamlanmalıdır. Sərbəst fəaliyyət davam etdikcə həmişə xaotik vəziyyət olacaq”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm