Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək
07.01.2020 12:31 Təhsil

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Bakı Şəhər üzrə Təhsil İdarəsindən "MediaPost"a verilən məlumata görə, əmrə əsasən, yanvarın 17-si ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Həmçinin ümumi təhsil məktəblərində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı mühazirə, seminar, xüsusi toplantı, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, 20 Yanvar hadisələrindən bəhs edən kitab, foto və şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri keçiriləcək, ədəbi-bədii kompozisiyalar nümayiş olunacaq.

Eyni zamanda təhsil müəssisələrinin müəllim və şagird kollektivi şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

Xəbərlər departamenti

Gündəm